Məhkəmə Vüqar Səfərlinin hansı əmlaklarını qaytardı? – SİYAHI
Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsi 11 il Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV-ə) İnkişafına Dövlət Dəstəyi Fonduna rəhbərlik etmiş, 3 il yarımdır həbsdə olan Vüqar Səfərlinin müsadirə olunmuş əmlaklarının bir hissəsi ailəsinə qaytarılıb.
Əyalətmedia.az xəbər verir ki, məhkəmə onun əmlaklarından dördünün – iki bağ evinin, “AMAY” Ticarət Mərkəzindəki mağazasının və 8 Noyabr prospektindəki bir obyektin müsadirədən azad edilməsinə qərar verib
V. Səfərliyə 10 il 6 ay həbs cəzası kəsilərkən, özünün və ailə üzvlərinin adına olan bir sıra əmlakların müsadirəsinə qərar verilmişdi. Bunların arasında özünün və oğlunun adına bankda toplam 850 min manat pul, müxtəlif avtomobillər, bağ evi, Əhmədli qəsəbəsindəki evi, İsmayıllı rayonunun Ticran kəndində, Goradil qəsəbəsində torpaq sahələri, Bakıda – 8 Noyabr prospektində (əvvəlki Fəhlə prospektində) obyekti də vardı.
Ali Məhkəmədə işə baxılarkən, cəza hissəsi qüvvədə saxlansa da, əmlakların müsadirəsi hissəsi ləğv edilmiş, yenidən araşdırılmasından ötrü apellyasiya instansiyasına qaytarılmışdı. Elə bu üzdən, avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində V. Səfərlinin işinə yenidən baxılıb.
2009-2020-ci illərdə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna rəhbərlik etmiş Vüqar Səfərli daha 10 nəfərlə birlikdə mühakimə olunub. O, digərləriylə əlbir olub, 20 milyon manatdan çox vəsaitin yeyinti və israfında suçlanır.
Digər təqsirləndirilənlər arasında Fondun mühasibi, jurnalistlər üçün binaları inşa etmiş “Portos” MMC-nin direktoru, media ilə bağlı tədbirlərin keçirildiyi restoranların inzibatçıları və s. şəxslər var.
İttihamda binaların tikintisində 17 milyon manata yaxın yeyintidən, V.Səfərlinin ailə üzvlərinə məxsus qəzetə vəsait ayrılmasından, restoranlarda təşkil edilən tədbirlər zamanı qonaq sayını və qiymətləri artıq göstərməklə mənimsəmədən bəhs edilir.
“AzPolitika.info”