“Onlara ömürləri boyu yüksək maaş vermək məntiqli deyil”
“Səmimi olaraq düşünürəm ki, 60 manatı 80 və ya 90 manat etsək, Azərbaycan elmi 20-30 faiz irəli getməyəcək”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Elmi ada görə ödəniş etmək - müasir təhsil və elm sistemində belə şey yoxdur. Adamın PHD-si olduğuna görə əlavə pul vermirlər. Elmə görə ödəniş elmi nəticəyə görədir. Tamamilə köklü islahatlara gedib elmi xərcləri elmi nəticələrə bağlamalıyıq. Yəni, elmi nəticə varsa, elm adamının maaşı yuxarı olmalıdır. İnsan nə vaxtsa elmi ad alıbsa, ona həyatı boyu heç nə etmədiyi üçün yüksək maaş vermək məntiqli deyil. Yanaşmamız bundan ibarətdir ki, elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir.
Bu ildən başlayaraq elmi nəticəsi olan 100-ə yaxın alimə əlavə ödənişlər etməyə başlamışıq. Bu prosesi genişləndirməyi düşünürük. Elmi adlar önəmlidir, amma alim olan şəxslərin elmi fəaliyyətləri maliyyələşməlidir. Biz elmi fəaliyyətin maliyyələşməsinin tərəfdarıyıq”, - deyə nazir əlavə edib.