azfakt.az
http://azfakt.az

Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

25-03-2024, 19:43 Baxılıb: 1

Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində Serbiya Milli Assambleyasının sədri Anna Brnabiç ilə görüşüb.

Parlamentdən  bildirilib ki, görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, siyasi və iqtisadi, eləcə də bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər ölkələrimiz və xalqlarımız arasında dostluğun gücləndirilməsinə mühüm töhfələr verir. O, bu münasibətlərin iki ölkənin parlamentləri arasında da uğurla davam etdirildiyini vurğulayıb. Özünün Serbiyaya rəsmi səfərini məmnunluqla xatırlayan Sahibə Qafarova səfər zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin qanunverici orqanlar arasında münasibətlərin daha da genişlənməsinə imkan yaratdığını bildirib. Tərəflər dostluq qrupları və parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə də fikir mübadiləsi aparıblar.

Serbiya Parlamentinin spikeri Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb və Serbiyanın parlament müşahidə missiyası vasitəsilə azad və demokratik şəraitdə keçən seçkiləri izlədiyini diqqətə çatdırıb.

Ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif sahələrdə daha da genişlənməsində maraqlı olduğunu vurğulayan Serbiya Parlamentinin spikeri bildirib ki, qanunverici orqanlar arasında əlaqələr dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır.

Görüşdə tərəflər beynəlxalq münasibətlər sistemində, o cümlədən beynəlxalq təşkilatlarda, xüsusən də AŞPA-da müşahidə olunan ikili standartları tənqid edərək qeyd ediblər ki, bu AŞPA-nın üzərinə götürdüyü vəzifələr və missiyası ilə ziddiyyət təşkil edir.

Görüşdə, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əhəmiyyəti qeyd olunub və Serbiya tərəfi bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edib.

Söhbət zamanı, həmçinin bildirilib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə etiraz olaraq Serbiya Parlamenti təşkilata müraciət ünvanlayıb və bu qərarın ləğv edilməsinə çağırış edib. Spiker Sahibə Qafarova bu addıma görə Serbiya tərəfinə minnətdarlığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930