Serbiya Azərbaycandan qaz tədarükünü üç dəfə artıra bilər
Serbiya Azərbaycandan qaz tədarükünü üç dəfə artıra bilər.
Bunu Serbiya Mədən və Energetika Nazirliyinin dövlət katibi Velko Kovaçeviç bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 10-cu Nazirlər iclası və Yaşıl enerji üzrə Məşvərət Şurasının 2-ci Nazirlər iclası zamanı deyib.
"Serbiya-Bolqarıstan interkonnektorunun tikintisi başa çatdıqdan sonra biz Azərbaycanla 2026-cı ilə qədər illik 400 milyon kubmetr qaz tədarükü haqqında saziş imzaladıq, bu həcmi sonradan üç dəfə artırmaq imkanı əldə olacaq", - deyə o bildirib.
Dövlət katibi əlavə edib ki, Azərbaycan qazı Avropada qaz təchizatı mənbələrinin diversifikasiyasının əsas elementi kimi tanınır
"Bu yeni qaz birləşmələri sayəsində Azərbaycan qazı hazırda Serbiyanın və regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsində həlledici rol oynayır", - Kovaçeviç qeyd edib.
Xatırladaq ki, dekabrın 10-da Niş şəhərində Serbiya-Bolqarıstan qaz birləşdiricisinin rəsmi açılışı olub. Yeni tikilən qaz kəməri Serbiya tərəfində 109 km məsafəni əhatə etməklə Nişdəki mövcud Serbiya şəbəkəsini paytaxt Sofiyadakı Bolqarıstan şəbəkəsi ilə birləşdirəcək. Boru kəmərinin gücü ona ildə 1,8 milyard kubmetr təbii qaz nəql etməyə imkan verəcək ki, bu da Serbiyanın ümumi illik istehlakının 60 faizinə bərabərdir.