Seçkilərdə iştirak özünüifadə və gələcəyinə qərarvermə üsuludur
Seçkilər cəmiyyətin gələcəyində və hökumətin necə formalaşmasında həlledici rol oynayır. Həmçinin, demokratiyanın təməl daşlarından biri olan səsvermə vətəndaşların siyasi proseslərdə iştirakını təmin edən və idarəçilərin seçilməsində fəal rol oynayan mühüm hüquqdur.
Hər bir demokratik ölkədə səsvermədə iştirak etmək vətəndaşların həm hüquq, həm də məsuliyyətidir. Bir çox insanlar üçün səs vermək sadəcə bir vətəndaşlıq borcu kimi görünə bilər. Lakin demokratik və hüquqi dövlətdə səsvermənin mahiyyəti və əhəmiyyəti kifayət qədər böyükdür. Seçicilərin səs verməsi cəmiyyətin siyasi qərarlarının düzgün və ədalətli qəbul edilməsinə xidmət edir. Bu, sabitliyin, əmin-amanlığın və demokratik cəmiyyətin rifahının qorunması üçün vacibdir. Nəzərə almaq lazımdır ki, seçki fəallığının aşağı olması demokratiyanın fəaliyyətinə xələl gətirir.
Vətəndaşlar səs verməməklə demokratik proseslərdə iştirakdan imtina edir və cəmiyyətin gələcəyinə təsir etmək şansını itirirlər. Ona görə də səsvermə sadəcə hüquqdan daha çox, cəmiyyətin rifahı və demokratiyanın davamlılığı üçün vacib məsuliyyətdir. Nəticə etibarilə vətəndaşların siyasi proseslərdə iştirakını təmin etməklə idarəçilərin məsuliyyətini artırır və dəyişiklik proseslərinə töhfə verir.
Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri isə ciddi siyasi hadisə olacaq. 10 yanvar tarixində Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qeyd edib ki, bu seçki ilk növbədə sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədardır:
“İkinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir”.
Dövlət başçısı digər səbəbi isə bu cür izah edib: “Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi, təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.
Bir sözlə, seçmək və seçilmək hüququ demokratiyanın əsas prinsiplərindən biridir. Bu hüquq insanların öz hökumətlərində iştirakını artırır və hökumətlərin daha yaxşı təmsil olunmasını təmin edir.
Bu, seçkilərin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün atılan ilk addımdır. Ona görə də biz bir vətəndaş olaraq səsvermə yolu ilə ölkəmizin gələcəyinə töhfə verməli və dəyərlərimizi qorumalıyıq.
İdarəetməni seçmək, iştirak etmək cəmiyyətə və ya ölkəyə töhfə vermək deməkdir. Bu, özünü, düşüncələrini, mövqeyini ifadə etmək üsuludur. Bu, insanın gələcəyinə qərarvermə üsuludur. Bu, insanın həyat tərzini, məqsədlərini və hətta özündən sonrakı nəslin gələcəyini müəyyən edir.