Biri layihə hazırlayır, digəri şeir yazır: Sabiq məmurların “içəri”dəki həyatı
Azərbaycanda son illərdə bir sıra yüksəkvəzifəli məmurlar həbs ediliblər. Onlardan çoxuna hökm oxunaraq cəzaçəkmə müəssisəsinə göndərilib, bəzilərinin işi üzrə məhkəmə araşdırması isə hələ davam edir.
“Qafqazinfo” vəzifə cinayətləri ilə bağlı həbs edilmiş sabiq məmurların cəzaçəkmə müəssisələrindəki vəziyyəti ilə maraqlanıb.
Təbii ki, yaxşı həyat şəraitinə öyrəşmiş eks-məmurlar üçün dörd divar arası heç də ürəkaçan deyil. Onların əksəriyyəti, demək olar ki, günlərini həkim müayinələrində keçirir. Bu sırada sabiq baş prokuror Eldar Həsənovun, Kürdəmir, Cəlilabad, Biləsuvar rayon icra hakimiyyətlərinin sabiq başçılarının və general Rövşən Əkbərovun adını çəkmək olar.
Onların arasında gələcəyə daha ümidlə baxanlar, həbsdə zamanlarının səmərəli keçirməyə çalışanlar da var. Həbsdə olanlardan biri Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovdur.
Penitensiar Xidmətin istintaq təcridxanasında saxlanılan sabiq icra başçısı məhkumluq həyatı yaşayan əksər vəzifəlilərdən fərqli olaraq pozitiv və ümidlidir. İxtisasca iqtisadçı olan Alimpaşa Məmmədov təcridxanada boş dayanmır. O, iqtisadi sahə ilə bağlı yazılar yazır, layihələr hazırlayır. Hətta bir müddət əvvəl hazırladığı layihələrdən birini müvafiq qurumlara göndərib. Layihənin bəyənilib-bəyənilməməsi ilə bağlı isə məlumat yoxdur.
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev də məhkum həyatı yaşayır.
12 il həbs cəzasına məhkum edilmiş keçmiş icra başçısının seyid nəslindən olduğunu öyrəndik. O, cəzaçəkmə müəssisəsində ibadət edir, gündə beş dəfə namaz qılır. V.Hacıyev boş vaxtlarında bəzən şeir də yazır.
Polis əməkdaşını döyməyə görə 3 il 6 ay iş verilmiş sabiq deputat Eldəniz Səlimov isə həbs müddətinin yarıdan çoxunu geridə qoyub. Belə desək, darağının son dişlərini qoparır. Qanuna uyğun olaraq o, cəzasının üçdəiki hissəsini çəkdikdən sonra azadlığa buraxıla bilər.
Eldəniz Səlimov həbsdə idmanla məşğul olmağa üstünlük verir. Bundan başqa o, ölkədə və dünyada baş verən ictimai-siyasi xəbərlərlə yaxından maraqlanır.
Yeri gəlmişkən, Eldəniz Səlimov taleyi ilə barışıb, ona görə barəsindəki qərardan kassasiya şikayəti verməkdən də imtina edib.
Həbsxanada özünə qapananlar da var. Bunlardan biri xüsusilə külli miqdarda mənimsəməyə görə 5 il 6 ay müddətinə məhkum edilmiş Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət İdarəsinin sabiq rəisi Zakir Sultanovdur.
Zakir Sultanovu yaxından tanıyanların sözlərinə görə, o, təbiətən qapalı insandır. Hətta həbsdə məhkum yoldaşları ilə çox ünsiyyətdə olmur. Yeganə məşğuliyyəti isə televiziyaya baxmaqdır.
Bir xüsusiyyət isə həbsdəki sabiq icra başçılarını, məmurları birləşdirir - hələ ki onların davranışları ilə bağlı şikayətlər yoxdur...