azfakt.az
http://azfakt.az

Roman Bekker: “Kreml müharibədə uduzsa, “qırmızı düymə”yə basa bilər” - ŞƏRH

6-07-2023, 18:53 Baxılıb: 0

 

Ukraynada müharibə artıq ilyarımdır ki, davam edir. İşğal Rusiya üçün uğursuz oldu və indi Moskvada taktiki nüvə silahlarından istifadə etmək imkanından getdikcə daha çox danışırlar. Bəs nüvə silahından istifadə təhlükəsi nə dərəcədə ciddidir?

Oxu.Az bununla bağlı Polşanın Nikolay Kopernik adına Torun Universitetinin Siyasi Elmlər və Beynəlxalq Tədqiqatlar fakültəsinin professoru, tanınmış polşalı analitik Roman Bekkerlə söhbət edib.

O, belə bir təhlükənin mövcudluğunu deyib və nüvə silahından istifadənin nəticələrinin bütün bəşəriyyət üçün dəhşətli olacağı barədə xəbərdarlıq edib.

“Məsələ burasındadır ki, Rusiyaya rəhbərlik edənləri rasional adlandırmaq mümkün deyil. Rusiya Prezidenti Vladimir Putinin məntiqsiz, qəribə qərar və açıqlamalarını xatırlayın. Ukraynanın işğalı ilə bağlı əmri rasional adlandırmaq olarmı? Yevgeni Priqojin və onun “Vaqner” özəl hərbi şirkətinin qiyamına reaksiyanın necə olduğunu xatırlayın. Bəs bu qiyamın səbəbi nədir? Problemlər uzun müddət yığılıb qaldı, amma nədənsə heç bir şəkildə həll olunmadı, buna görə də qarşıdurma baş verdi”.

Ekspert Putinə yaxın olan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin də nüvə silahından istifadənin tərəfdarı olduğunu və demək olar ki, hər gün nüvə apokalipsisinin mümkünlüyündən danışdığını vurğulayıb:

“Medvedev, çətin ki, belə bəyanatları təsadüfən verir, o, Putinin düşüncə tərzini bilir. Bu yerdə Putinin bir neçə il əvvəl “Valday” Diskussiya Klubunun iclasındakı çıxışını xatırlaya bilərik. “Onlar (Qərbdə) hamısı öləcəklər, biz isə əzabkeşlər kimi cənnətə gedəcəyik”, - ifadəsinə necə münasibət göstərmək olar? Hələ o zamanlar bu cümlə nüvə müharibəsi təhlükəsinin mövcud olduğuna sübut idi. Düşünürəm ki, Kreml müharibədə uduzsa, Rusiya Federasiyasının hazırkı prezidentinin şəxsi hakimiyyətinə təhlükə yaranarsa, o zaman “qırmızı düymə”yə basa bilər. Yenə deyirəm, bu, bütün dünya üçün çox təhlükəlidir”.

Qeyd edək ki, Rusiyanın taktiki nüvə silahları artıq Belarusdadır. Polşa isə Qərbdən nüvə silahlarını öz ərazisində yerləşdirməyi xahiş edib.

Politoloq Polşada nüvə silahı yerləşdirmək istəyindən Baş nazir Mateuş Moravetskinin danışdığını və onun bu fikrinin elə həmin gün ABŞ dövlət xadimləri tərəfindən rədd edildiyini xatırladıb. Politoloq hesab edir ki, Vaşinqton vəziyyəti gərginləşdirməmək üçün bu məsələni hətta nəzərdən keçirməyəcək.

“Moravetski açıqlamasını ictimaiyyət qarşısında verdi, lakin görünür, bu ideyanı amerikalı həmkarları ilə müzakirə etməmişdi. Beləliklə, Polşa baş nazirinin bu bəyanatı yalnız daxili auditoriyaya ünvanlanıb. Bu, Polşa hakimiyyətinin ölkə əhalisini qorumaq üçün hər şeyə hazır olduğunu göstərmək istəyidir və bu, çox vacibdir, çünki bizdə seçki kampaniyası gedir - parlament seçkisi payızda keçiriləcək.

Hakim partiya göstərir ki, o, bütün polyakların təhlükəsizliyi üçün hər şeyi edir. Əslində, Polşa hakimiyyəti Polşada nüvə silahının görünməsini istəmir”, - deyə Bekker sözlərini yekunlaşdırıb.

Nair Əliyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930