Dünyanın ən hündür doqquzuncu zirvəsi Nanqaparbatı fəth etmək istəyən bir qrup alpinist əlverişsiz hava şəraiti səbəbindən çətinliklə üzləşib.
Oxu.Az xəbər verir ki, 8 125 metrlik zirvəyə qalxmağı hədəfləyən alpinistlərdən biri vəfat edib. Polşalı Pavel Kopets hündürlük xəstəliyindən dünyasını dəyişib.
Daha bir alpinist isə görmə qabiliyyətini itirib və hündürlükdə köməksiz qalıb. Söhbət pakistanlı Asif Bhattidən gedir. O, 7 300 metr hündürlükdə qalıb. İyulun 3-də xilasedici helikopter pis hava şəraiti səbəbindən oraya uça bilməyib.
Nanqaparbata qalxmaq istəyən alpinistlər arasında Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı da var. O, iyulun 3-də zirvəyə çatmağı hədəfləsə də, 7 300 metr yüksəklikdəki dördüncü düşərgədə baş verənlər fikrini dəyişməsinə səbəb olub. Aşurlı həyatını təhlükəyə ataraq Asif Bhattiyə kömək etmək qərarına gəlib.
Azərbaycanlı alpinist əvvəlcə pakistanlı həmkarını 6 800 metr yüksəklikdəki üçüncü düşərgəyə endirməyi bacarıb.
Nanqaparbatdakı dördüncü düşərgədə baş verənlər barədə ətraflı məlumatı rus alpinist Sergey Kofanov verib. O, Aşurlının dostudur və Everest zirvəsinə birlikdə qalxıblar. Kofanov “ExplorersWeb”ə bildirib ki, İsrafil Aşurlı ilə “InReach” vasitəsilə əlaqə saxlayıb:
“O, iyulun 3-də zirvəyə qalxmağı planlaşdırırdı, lakin dördüncü düşərgəyə çatdıqda köməyə ehtiyacı olan iki alpinist görüb. Pavel Kopets sözün əsl mənasında İsrafilin qolları arasında ölüb. Digəri isə (Asif Bhatti - red.) qardan kor olub. İsrafil onu sürüyərək üçüncü düşərgəyə aparıb, ikisi də pis hava səbəbindən orada ilişib qalıb”.
Kofanovun sözlərinə görə, İsrafil Aşurlı ilə birlikdə olan italyan alpinistlər onları qoyub baza düşərgəsinə qayıdıblar. Daha sonra onlara iki pakistanlı alpinist qoşulub:
“İsrafil “InReach” vasitəsilə mənə bildirdi ki, ikinci düşərgədən əvvəl, demək olar ki, ən təhlükəli hissələri bitirdik. İki pakistanlı bizə kömək etməyə gəldi”.
“İsrafil Aşurlı qəhrəmandır. O, Asifi arxada qoymadı, bununla öz həyatını riskə atdı”, - deyə S.Kofanov əlavə edib.
Son məlumata görə, İsrafil Aşurlı və Asif Bhatti ikinci düşərgəyə qayıdıblar. Bu, 6 100 metr yüksəklikdə yerləşir və üçüncü düşərgədən 700 metr aşağıdadır. Onların bazar ertəsinə qədər birinci düşərgədə olacaqları gözlənilir. Asif Bhattinin səhhətinin nisbətən yaxşılaşdığı, ancaq hər iki alpinistin çox gücsüz olduğu bildirilir.
Qeyd edək ki, dünya şöhrətli alpinist İsrafil Aşurlı Azərbaycan Alpinizm Federasiyasının keçmiş prezidentidir. O, dünyanın ən hündür zirvəsi Everesti (8848 metr) fəth edən ilk azərbaycanlı alpinistdir.