Hüseyn Həsənov külli miqdarda borcunu ödədi
Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin bloqqer Hüseyn Həsənova qarşı iddiası üzrə icraata xitam verib.
Bu barədə “Gazeta.ru” məlumat yayıb.
Qeyd olunub ki, Həsənov avqustun 16-sı 145 milyon rubl (təxminən 2 milyon 813 min manat) məbləğində bütün borclarını ödəyib.
Bundan əvvəl vergi orqanları bloqerin dörd bankdakı hesablarını bloklamışdı, həmçinin Moskvadakı hündürmərtəbəli binalarından birində, dəyəri 150 milyon rubl (təxminən 2 milyon 910 min manat) olan “Neva Towers”dəki mənzillərini əlindən almaqla bağlı qərar çıxarmışdı.
Federal Vergi Xidməti onun iki ədəd avtomobilini - 2020-ci il istehsalı olan “Rolls-Royce Cullinan” və 2022-ci il istehsalı olan “Chevrolet Tahoe” avtomobillərini də girov götürmək niyyətində idi.
Məlumata görə, bütün borclarını ödəyən Həsənov evini və lüks avtomobillərini xilas edə bilib. Borc ödənilən gün onun bank hesabları blokdan çıxarılıb.
Xatırladaq ki, məhkəmə Hüseyn Həsənova 153 milyon rubl dəyərində (təxminən 2,8 milyon manatdan çox) vergi borcu kəsmişdi.