“BU QURUM İNSANLARIN HƏYATINI MƏHV EDİR” – Qarabağ döyüşçüsü: “Həqiqi xəstələrə əlillik verilmir, sağlam adam rüşvət verib, əlillik dərəcəsi alır”
Ağdam rayonu, Quzanlı kənd sakini Fərzalıyev Calal Qənəhət oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
“Cənab Prezident!
Mən, Fərzalıyev Calal Qənəhət oğlu, yazaraq Sizdən xahiş edirəm ki, mənim problemimlə bağlı aidiyyəti qurumlara tapşırıq verəsiniz.
Bildirim ki, bir çox insanlar kimi mən də Sahil Babayevin piyarına qurban getdim. Bu qurumun özbaşınalıqlarına son qoymaq lazımdır.
Qeyd edim ki, 1995-ci ildə döyüş tapşırığını yerinə yetirərkən düşmənin artilleriya mərmisi yanımda partladı. Aldığım ağır zərbə nəticəsində 2 qulağım batdı, sol əlimdən qəlpə yarası aldım. Uzun müddət 251 saylı hərbi hospitalda müalicə almışam. Hazırda da səhhətimdə ciddi problemlər var, qulağım eşitmir.
2006-cı ildən 2-ci qrup əlil olaraq pensiya və prezident təqaüdü almışam. 2022-ci ilin dekabr ayından pensiyamı səbəbsiz yerə və saxtakarlıqla kəsiblər.
Dəfələrlə müraciət etsəm də, heç bir nəticə olmayıb. Bəzən pensiyamı bərpa edəcəklərini deyib, boş ümid verirlər.
2024-cü ilin yanvar ayında TSEK-in direktoru Anar Bayramovun özü ilə görüşdüm. Əlilliyimin hansı səbəbdən kəsildiyini soruşdum və bunun haqsızlıq olduğunu dedim. O isə, “ola bilsin səhvlik olub, mütləq nəzərə alınacaq”, - dedi.
Eşitməməyimlə bağlı LOR həkiminin rəyləri də əlimdə var. Həmin rəyi Ağdam Rayonu Mərkəzi Xəstəxanasının komissiyasına təqdim etmişəm.
29.04.2024-cu il tarixində mənim sənədlərim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən TSEK-ə göndərildi. Bu günə qədər də komissiyadan keçməyim üçün məni dəvət etməyiblər. Nazirliyin 142 “qaynar xətti” ilə əlaqə saxlayıram, lazımi cavabı ala bilmirəm.
Cənab Prezident!
Əmək və Əhalinin Sosial Nazirliyi adı altında fəaliyyət göstərən bu qurum insanların həyatını məhv edir. Bu qurum həqiqi xəstələrə əlillik vermir, sağlam adam rüşvət verib, əlillik dərəcəsi alır. Bu qədər haqsızlıq olmaz, axı?”
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinə məlumat verilib. Qurumun mövqeyini dərc etməyə çalışacağıq.
Hurriyyet.az