İcra hakimiyyəti “İçərişəhər”in qala divarlarına bitişik olan yerdə restoran tikilməsinə icazə verib -İLGİNC
İyun ayından (2024) Bakının “İçərişəhər” tarix-memarlıq qoruğunun divarına bitişik, “Qoşa Qala” qapısından aşağıdakı divar və hərəkətli avtomobil yolu arasındakı dar hissədə taxta restoran konstruksiyaları quraşdırılır. İçəri tərəfdən, “Qoşa Qala”dan yuxarıdan Qalanın divarı görünmədiyi kimi, tikinti başa çatdıqda yeni restoran tarixi abidənin xarici görünüşünün qarşısını kəsəcək. İctimaiyyətin etirazlarına baxmayaraq, orada bir neçə il əvvəl bir neçə restoran tikilib.
Memar Elçin Əliyev və iqtisadçı Qalib Rəsulov tarixi Divarın görünməsinə və oraya çıxışa mane olacaq restoranın tikintisi ilə bağlı narazılıqlarını bildiriblər. E.Əliyev öz paylaşımında (FB) “İçərişəhər” tarix-memarlıq kompleksinin yaxınlğında restoranın tikilməsini məmurların dövlət büdcəsini doldurmaq istəyi ilə izah edib, Q.Rəsulov isə tikintini uzun illərdir “İçərişəhərin” məhvinə yönəlmiş hərəkətlərin davamı adlandırıb. “Əvvəllər divara yaxınlaşmaq, qədim daşlara toxunmaq, tarixə təmas etmək olurdu. İndi isə turistlər üçün cəzbedici olan “Qala” müasirləşdirilir. Heyf”…, deyə Rəsulov gileylənir.
Sualımıza cavab olaraq Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər ki, tarixi obyektin yaxınlığında restoranın tikintisinə yerli hakimiyyət icazə verib. “Rayonda özbaşına tikinti aparıla bilməz, belə ki, əməkdaşlarımız müntəzəm olaraq əraziyə baxış keçirirlər”, deyə Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi izah edib.
İki il əvvəl, “İçərişəhər” ərazisində fərdi ev sahibi damda otaq tikərək, qoruğun tarixi görünüşünü korladıqdan sonra ictimaiyyətin təsiri ilə Qoruq ev sahibini niyyətini dəyişdirərək, ərazinin əvvəlki görünüşünü qoruyub saxlamağa məcbur edib.
Bu dəfə əvvəlki kimi ictimai rezonans yoxdur, Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi isə “İçərişəhər”in – Bakının mərkəzində UNESCO tərəfindən qorunan XII əsrə aid ərazinin tarixi görünüşünün qorunub saxlanmasının qayğısına qalmağı məcburi hesab etmir.(Turan)