Mədəni irsin qorunması türk dövlətlərinin birliyindən keçir - TÜRKPA-nın baş katibi
Parlamentlər qanunvericiliyin təmin edilməsi ilə mədəni irsin qorunmasında mühüm rol oynayır.
Bunu TÜRKPA-nın baş katibi Mehmet Süreyya Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zamanı deyib.
O qeyd edib ki, bu gün türk dövlətləri türk mədəniyyətinin varisləridir.
“Mədəni irsin qorunması türk dövlətlərinin birliyindən keçir. Türk dövlətləri arasında qanunvericilik müstəvisində əməkdaşlığa üstünlük verən Türk PA dövlətlərarası əlaqələrin inkişafına töhfə verməkdədir. Türk PA çərçivəsində model qanunlar əhəmiyyət daşıyır və bu günə qədər mədəni irslə bağlı model qanunlar hazırlanıb. Türk PA model qanunvericiliyi istiqamətində fəaliyyətini davam etdirir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.