Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib.
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında qərarda əksini tapıb
Taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, əlaqə nömrəsi, avtonəqliyyat vasitəsinin buraxılış kartının nömrəsi göstərilən 110x60 mm ölçüdə məlumat lövhəsi olmalıdır (3 nömrəli əlavə).
Taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyən etməyə imkan verən taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz ilə təchiz edilməlidir.
Taksometr və ya müvafiq proqram təminatını göstərən mobil cihaz taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır.
Gediş haqqı taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunduqda taksometr və ya müvafiq proqram təminatını göstərən mobil cihaz taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır.
Taksi minik avtomobilinin salonu təmiz, səliqəli saxlanılmalı və xoşagəlməz qoxular olmamalıdır.
Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görülə bilən yerdə daşınma haqqının tarifləri 4 nömrəli əlavədə göstərilmiş nümunəyə uyğun lövhə şəklində yerləşdirilməlidir.
Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir.
Hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.