azfakt.az
http://azfakt.az

“Nikosayağı”nı hansı cəza gözləyir? - HÜQUQŞÜNAS RƏYİ

15-08-2023, 13:34 Baxılıb: 1

 

“Bu kimi hallarda şəxsin baş vermiş cinayət hadisəsində təqsirli və ya onun hadisənin qarşısını almağa texniki cəhətdən imkanının olub-olmamasını müəyyənləşdirmək üçün ekspert rəyi lazımdır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı cinayət işini şərh edərkən deyib.

O qeyd edib ki, məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir:

“Yol-nəqliyyat hadisələri araşdırılarkən sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulub-pozulmamasını müəyyən etmək üçün xüsusi bilik tələb edən tədqiqatlara ehtiyac yaranır. Ona görə də bir çox hallarda avtotexniki ekspertiza təyin olunur.

Bu ekspertiza ilə sürücünün hadisənin qarşısını almağa texniki cəhətdən imkanının olub-olmadığı, zərurət olduqda avtomobilin təxmini hərəkət sürəti, hadisə mexanizmi ilə bağlı başqa məsələlər, avtomobilin hadisə baş verdiyi məqamda texniki sazlığı (məsələn, avtomobilin əyləc sistemində problem ola bilər) və sair bu kimi hallar aydınlaşdırılmalıdır”.

Hüquqşünas ekspert rəyinin vacibliyini qeyd edib:

“Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri, yaxud iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

“Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamanda, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, - deyə T.Abdullazadə qeyd edib.

Ekspert qanunvericilikdə işin nəticəsinə təsir edən və cəzanı yüngülləşdirən bir sıra halların da mövcud olduğunu vurğulayıb:

“Göründüyü kimi, bu kimi hallarda sürücülərin sağlamlıq və sərxoşluq vəziyyəti də yoxlanılır. Habelə qanunvericilikdə işin nəticəsinə təsir edən və cəzanı yüngülləşdirən bir sıra hallar da mövcuddur. Cinayəti törədən şəxsin zərərçəkmiş şəxslə və ya zərərçəkmiş şəxs vəfat etmişdirsə, onun yaxın qohumu, hüquqi varisi ilə barışması, dəymiş maddi ziyanı ödəməsi, səmimi peşmanlığı və sair bu kimi cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla işin ibtidai araşdırılmasından sonra məhkəmə yekun nəticəyə gəlir.

Cinayətin subyektiv cəhətdən ehtiyatsızlıqdan törədildiyi də nəzərə alınır. Qanunvericiliyə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər isə ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkirlər”.

Hüquqşünas Əliməmməd Nuriyev isə qeyd edib ki, hər şeydən əvvəl hadisənin baş verdiyi şəraitə diqqət etmək lazımdır:

“Şübhəsiz ki, hadisə bütövlükdə formal baxımdan cinayət hadisəsi kimi gözdən keçiriləcək. Hadisə ilə öncə tanış olmaq lazımdır. Kimin təqsirli olduğu aydınlaşdırılmalıdır. İlk baxışda Cinayət Məcəlləsinin 263.1 və 263.2 maddələrinin əlamətləri görünür. Çünki burada ağır ziyan dəyib. Bir nəfər də həlak olub. Nəqliyyat vasitəsini idarə edənin sürət həddini aşıb-aşmaması, sərxoş olub-olmaması açıqlanmalıdır”.

Ə.Nuriyev sonda Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayının çoxaldığını əlavə edib:

“Çox təəssüf ki, ölkəmizdə yol-nəqliyyat hadisələrində ölənlərin sayı gündən-günə artır. Bu bir çox səbəblərdən baş verir. Çox vaxt yol hərəkəti qaydalarını pozub, sürət həddini aşma səbəbindən qeydə alınır. Bunların qarşısı alınmalıdır”.

Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

Nəzrin Vahid






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930