ABŞ təyyarədaşıyan gəmisi Aralıq dənizini tərk edib
ABŞ-ın “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu 2023-cü ilin iyun ayından bəri əməliyyatlar apardığı Aralıq dənizini tərk edib.
TASS xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı donanmasının məlumatında deyilir.
Pentaqon rəhbəri Lloyd Ostin Yaxın Şərqdəki münaqişə səbəbindən təyyarədaşıyan zərbə qrupunun Aralıq dənizinin şərqində yerləşdirilməsi müddətini bir neçə dəfə, o cümlədən yanvarın ortalarında uzadıb.
İlkin plana görə, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi “USS Dwight D. Eisenhower”i əvəz etməli idi, lakin oktyabrın 17-də Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh hər iki gəminin Yaxın Şərq bölgəsində saxlanılması qərarını açıqlayıb.