HƏR BİRİMİZ ÜÇÜN MÜƏLLİM DOĞMA VƏ ƏZİZDİR.
Müəllim haqqında nə qədər yazılsa, danışılsa, təriflər, şeirlər deyilsə də yenə də azdır
Uşaq beyni ağ vərəqə bənzəyir. Oraya nə yazılsa əbədi qalar. Demək sağlam fikirli, aydın düşüncəli, cəmiyyət üçün gərəkli övladlar böyütmək üçün o ağ vərəqə dəyərli amillər, xeyirxahlıq, vətənpərpərvərlik, saflıq-paklıq, səmimiyyət bildirən hissləri hopdurmalı, düşüncələrinə ağıqaradan seçməyi yazdırmalıyıq. Bu gün təmiz beyinlərə elə ? toxum səpməliyik ki, sabah özümüz utanmayaq. Bütün bunları öyrənmək üçün bir məkan - məktəb, öyrətmək üçün isə bir insan var - müəllim. Məktəb - müqəddəs bir məbəddir. Müəllim isə burada maarif, fəzilət, sevgi qapılarını insanların üzünə açandır.
Müəllim - zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. O, bar verən ağac kimi başıaşağı, gülməsi təbbəssüm, millətin, xalqın yükünü çiynində daşıyır. İdeallığa doğru gedən, ancaq yerişini dəyişməyən, heç bir qarşılıq gözləmədən könül saraylarını inşa edən, ciddiyyəti qəlbinə hakim edən, ancaq təkəbbürlənməyən, peşəsini sevən, sevməyi sevən, nifrətə nifrət edən bir ana, atadır.
Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. Hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Müəllim əməyinin nəticəsində savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllim yeni cəmiyyət quruculuğunun və gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.
Müəllim ikinci valideyn rolunu oynayır. Müəllimlərin insan həyatında rolu əvəzsizdir. Bizim dünyagörüşümüzü aydınladan şəxs müəllimdir. Biz insanları düzgün yola çəkən, dövlətə yararlı şəxs edən müəllimlərdir. Onların bizim həyatımızda olan rolunu heç vaxt unutmaq olmaz.
Belə müəllimlərdən biridə Kəlbəcər rayon 26 №-li tam orta məktəbin direktoru, gözəl insan Əli Zeynalovu misal çəkmək olar. Əli müəllim vəzifəsini vicdanla yerinə yetirməklə bərabər rəhbərlik etdiyi məktəbin bütün şagirdlərini vətənpərvər ruhda tərbiyələndirir və yetişdirir.
Müəllim insan memarı, ümid qəhrəmanı, məhəbbət dolu bir qəlb, ismətliylə bir örnəkdir. Elə bir örnək ki uşaqlıqdan qocalığa qədər hər birimizin təfəkküründə saf, təmiz, əxlaqlı mehriban bir qəhrəmana çevrilərək bütün həyatımız boyu əməllərimizdə yanımızda olan bir örnək.
Müəllim könül insanı, qəlb dostu, həqiqət carçısı bəşəriyyətin iftixarı dünya və axirət günəşidir. O, dinləyicisinin mənəvi dünyasına baş vuraraq onun nəfsinin təmizliyini, əxlaqının gözəlliyini təmin edər. Beləliklə, müəllim əməyi sayəsində dil qəlbin tərcümanına, göz də qəlbin aynasına çevrilər. İnsan onun vasitəsi ilə kainatda bütövləşər, özünə yer tapar.
Müəllim balaca əllərimizdən tutub təhsil pillələrini bizimlə birgə qalxan müdrik şəxsdir. Müəllimlərin özünü, sözünü, tövsiyələrini unutmaq mümkün deyil. Bizim illər sonra anlayacağımız öyüdləri, müəllimlərimiz bizə illər öncə söyləyir. Dedikləri isə sətir-sətir, hərfbəhərf doğru çıxır. Məktəb illərimizin tərcümanı, əziz və dəyərli xatirəsinə çevrilən müəllimlərimizi nəinki oktyabrın 5-i, sentyabrın 15-i, iyunun 14-ü, bayram günlərin də, onların səsini eşitmək, üzünü görmək istədiyimiz anda yada salmalıyıq. Onları sırf hədiyyə, gül-çiçəklər deyil, bir zənglə də xoşbəxt edə bilərik. Çünki müəllim elə ali bir dəyər, elə uca şəxsiyyətdir ki, onun qəlbini fərəhləndirmək, üzünü güldürmək üçün maddi deyil, mənəvi jestlər daha çox önəm kəsb edir.
Gəlin, müəllimlərin var olduğu bütün günlərin şərəfinə, onlardan sevgimizi, qayğımızı, diqqətimizi əskik etməyək, çünki onlar da zamanında bizdən məhz bunları əsirgəməmişdi.
Kəlbəcər rayon 26 №-li tam orta məktəbin direktoru Əli Zeynalovu və bütün kollektivini bu şərəfli işlərində uğurlar arzulayırıq.
Hörmətlə Kəmalə Eldarlı
Baş redaktor