Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri sahibkarları belə aldadır -“Zəmanət məktubu” qalmaqalı - YENİLƏNİB
Yenixeber.org: İki gün əvvəl mediada yer alan ("Jamazinfo.az") bir yazıda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla illərdir ki, borclu olduğu iş adamları arasındakı qalmaqaldan növbəti dəfə bəhs olunurdu. Bu istiqamətdə Yenixeber.org-a yeni məlumatlar daxil olub... Öncə qeyd edilən yazını bir daha xatırladaq:
Qalmaqala səbəb isə icra başçısının iş adamlarından “zəmanət məktubu” istəməsi olub. Redaksiyamıza müraciət edən sahibklarlar bildiriblər ki, bu ilin fevralın 22-də Zakir Fərəcov onları bir araya gətirərək, borcla bağlı “zəmanət məktubu” istəyib. Həmin məktub notarial qaydada təsdiqlənməli və borcun ödənildiyini özündə əks etdirməliymiş. Bunun müqabilində isə icra başçısı sahibkarlara kişi sözü verib ki, əgər həmin məktub verilərsə, fevralın 23-ü saat 15:00-a kimi bütün borcluların borcunu bağlayacaq.
Mənbəmiz qeyd edir ki, Fərəcov həmin vaxt iş adamlarına deyib ki, hakimiyyətin yuxarı eşalonları ilə problemləri var və onları həll etmək üçün belə bir məktuba ehtiyac yaranıb. Əks təqdirdə, onun özünün işdən çıxarılması problemi üzə çıxacaq ki, bununla da sahibkarlara olan borcunun batacağını iddia edib.
Maraqlı məqamlardan biri də odur ki, iş adamlarına birbaşa Zakir Fərəcov borclu olduğu halda, “zəmanət məktubu” Sumqayıt İcra Hakimiyyətinin yerli özünidarətmə orqanları ilə iş üzrə şöbənin rəhbəri Gündüz Əliyevin adına verilib.
Niyə məhz Gündüz Əliyev? Ona görə ki, bütün bu işlərin hamısı məhz şöbə müdirinin əli ilə görülüb. Eyni zamanda, Fərəcov bununla “kimsəyə borcum yoxdur” görüntüsü yaradaraq, bütün məsuliyyəti Gündüz Əliyevin üzərinə qoyub. Halbuki tenderlər üçün pulların ayrılması və onlarla bağlı sərəncam verilməsi Gündüzün səlahiyyətində deyil.
Lakin bu məsələdən bir gün sonra nə pul ödənilib, nə də hər hansı borc bağlanılıb. Bunu görən iş adamları da elə notarial qaydada hazırlanmış “zəmanət məktubu”nu ləğv ediblər. Üstəlik, bütün dövlət qurumılarına müraciət edərək, vəziyyəti çatdırıblar.
Qeyd edək ki, indiyə qədər sahibkarlara bir qəpik belə pul ödənilməyib. Halbuki icra başçısının toplam 10 milyon manatdan çox borcu var və onu qaytarmamaq üçün bütün bəhanələrdən istifadə edir. Elə hazırda da sahibkarlar Sumqayıt İcra Hakimiyyətinin önündə icra başçısını gözləyirlər və onunla görüşüb, pullarını almaq istəyirlər.
Xatırladaq ki, Zakir Fərəcov bir aydan çox idi ki, ölkədə deyildi. Onun əvvəlcə Almaniyada müalicə aldığı, daha sonra İstanbulda əməliyyat olunduğu, daha sonra isə yenidən Berlinə gedərək orada müalicəsini davam etdirdiyi bildirilirdi. İki gündür Sumqayıta dönən icra başçısı heç kimi qəbul etmir, hətta qəbula gələnləri də geri göndərir.
***
Bu gün əldə etdiyimiz məlumata görə sözügedən problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev ciddi narahatçılıq keçirməkdədir. Səbəb isə təkcə üzərinə götürdüyü rəsmi məsuliyyət deyil, həm də Gündüz Əliyevin "sinəsini qabağa verərək", zamanında sahibkarlara "kişi sözü" verməsidir. İndi isə müxtəlif bəhanələrlə verdiyi sözdən yayınır ki, bu da borc sahibi sahibkarların kəskin etirazına səbəb olur.
Borc sahibləri artıq problemin dözülməz həddə çatdığını və bu səbəbdən də, Cənab Prezidentə müraciət hazırladıqlarını bildirdilər...(Yenixeber.org)
Qarşı tərəfi də dinləməyə hazırıq.