İranlı nazir İrəvanda Paşinyanla görüşəcək
İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın dəvəti ilə İrəvana bir günlük səfər edib.
Bu barədə erməni KİV məlumat yayıb.
Səfər zamanı İran aviaşirkətlərinə lisenziyaların verilməsi, yol tariflərinin ləğvi, Şimal-Cənub dəhlizi və Fars körfəzi-Qara dəniz dəhlizi çərçivəsində əməkdaşlığın təşviqi məsələləri müzakirə olunacaq.
Mehrdad Bəzrpaş Şimal-Cənub dəhlizinin və Fars körfəzi-Qara dəniz dəhlizinin bir hissəsi olan Aqarək-Kacaran yolunun tikintisinə dair müqavilənin imzalanması mərasimində iştirak edəcək.
Bildirilir ki, iranlı nazir səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və iqtisadiyyat naziri Vahan Kerobyanla görüşəcək.