Moskva Fransanın neokolonial siyasətilə bağlı Bakının qiymətləndirməsiylə razılaşdı
“Keçmiş müstəmləkələrinin işlərinə müdaxilə artıq müasir Fransanın siyasətinin bir hissəsinə çevrilib”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova News.ru-nun Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatını şərh etmək xahişinə cavab olaraq Moskvanın mövqeyini açıqlayarkən bildirib.
Qeyd edək ki, Azərbaycanın dövlət başçısı Fransada neokolonializmin təzahürünü pisləmiş və müstəmləkə cinayətlərinə görə Parisi üzr istəməyə çağırmışdı.
“Fransaya gəldikdə, bir tərəfdən, onlar bir çox keçmiş müstəmləkələrə bu ərazilər üzərində öz protektoratları mövqeyindən yanaşırlar. Birincisi, onlar dünyanın müxtəlif ölkələrinin öz keçmiş müstəmləkələri ilə münasibətlərin hərtərəfli inkişafına imkan vermirlər. Həmçinin, onlara bir növ uydurma qayğı ilə yanaşırlar, halbuki bunu heç kim xahiş etməyib. Üçüncüsü, onlar bütün gücləri ilə varlıqlarını qorumağa çalışırlar”, - deyə Zaxarova bildirib.
Rusiya XİN sözçüsü bildirib ki, bu mövcudluq (maliyyə, iqtisadi, hərbi, hərbi-siyasi və humanitar) Fransaya keçmiş müstəmləkələrə təsirini davam etdirmək üçün lazımdır.
Onun sözlərinə görə, Fransanın müstəmləkələri olan bir çox Afrika ölkələri Parisin onlarla iş aparmağa yanaşmasında qeyri-səmimilik hiss ediblər; bu keçmiş müstəmləkələr onlarla bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətləri inkişaf etdirməyə hazır olan digər ölkələrə diqqət yetirdikdə dərhal Parisin təzyiqi ilə üzləşirlər.
Zaxarova brifinq zamanı həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında Fransanın vasitəçiliyinin nəticə vermədiyini vurğulayıb. Diplomat qeyd edib ki, Rusiya tərəfinin Parisin uzun müddət Qarabağ problemlərinin həllinə müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziyası yoxdur.