Bakı və İrəvan razılaşdı, dəhliz məsələsi belə həll edilir - Badalyan
Azərbaycan və Ermənistan nəqliyyat dəhlizləri məsələsində ayrı-ayrı geosiyasi güclərin rəqabət meydanına çevrilmək istəmir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.
Onun sözlərinə görə, Bakı və İrəvan bu səbəbdən məsələni sülh müqaviləsindən kənarda müzakirə etmək və razılaşdırmaq barədə anlaşma əldə edib.
“Hesab edirəm ki, yol məsələsi qarşılıqlı razılaşma əsasında sonraya saxlanılıb. Mənim qiymətləndirməmə görə, İrəvan və Bakı geosiyasi güc mərkəzlərinin yanaşmalarında ciddi təzad və rəqabət olduğu üçün bu məsələnin yubanmasında maraqlı ola bilər. Həm İrəvan, həm də Bakının yollarla bağlı öz yanaşması və mülahizələri olsa da, bu gündəm ətrafında geosiyasi güc mərkəzlərinin toqquşmaları və hər iki tərəfi razı salma prosesinin iştirakçılarına çevrilməməkdə ümumi maraqları var”, - Badalyan bildirib.
Politoloqun fikrincə, hazırda Cənubi Qafqaza can atan geosiyasi güclərin bütün diqqəti dəhliz məsələsinə yönəlib:
“Ən azı, İrəvan və Bakının bir ortaq marağı var: ən mühüm geosiyasi məsələnin həllini tapmalı olduğu prosesin iştirakçısı olmamaq. Belə bir mürəkkəb durumda hansısa bir həll digər tərəfi narazı sala bilər, tərəflər də bunu istəmirlər. Məsələn, Qərbin yanaşmaları ilə razılaşmaq Rusiya, İran və Çinə qarşı çıxmaq deməkdir, əksinə, Rusiya, Çin və İranın yanaşmalarını dəstəkləmək Qərbə qarşı durmaq anlamına gələcək.
Bu durum təbii olaraq risklər və çətinliklər yaradır. Məncə, Bakı və İrəvan bunları nəzərə alaraq məsələni yubatmaq və ya müəyyən qədər vaxt qazanmaq barədə razılaşıb”.