Gənclərin hüquqazidd hərəkətləri azalıb
Ölkədə yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər müsbət nəticələr verir.
Bu barədə 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Daxili İşlər Nazirliyinin Kollegiya iclasında vurğulanıb.
Qeyd edilib ki, Daxili İşlər, Elm və Təhsil nazirliklərinin birgə tədbirləri yeniyetmə və gənclərin hüquqazidd əməllərinin dinamikasında nəzərəçarpan azalmaya səbəb olub. Dövlətin gələcəyi olan gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə və təbliğat işləri səmərəli olub.
Bildirilib ki, respublikanın təhsil müəssisələrində aparılan antinarkotik maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssisləri, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibi daha da genişləndirilməli, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməlidir.
İclasda gənclərin Polis Akademiyasında təhsilə təşviq edilməsi sahəsində son bir neçə ildə tətbiq olunan yeniliklər, xüsusən Elm və Təhsil Nazirliyi ilə birgə yaradılmış işçi qrupunun fəaliyyəti də vurğulanıb. Dövlət səviyyəsində keçirilən imtahanlarda yüksək nəticələr göstərən, polis peşəsini sevən və fiziki hazırlıqlı abituriyentlərin hər tədris dövründə artması, bu işin müasir polis əməkdaşının hazırlanmasında əhəmiyyətli rolu təqdir edilib. Müvafiq tədbirlərin sistemli və əlaqəli davam etdirilməsi üçün DİN-in aidiyyəti qurumlarına lazımi göstərişlər verilib.