Azərbaycanda silah dövriyyəsinin liberallaşdırılmasına dair qanunvericilik təşəbbüsünün səbəbi məlum olub
Azərbaycanda silah dövriyyəsinin liberallaşdırılmasına dair qanunvericilik təşəbbüsünün səbəbi məlum olub.
Qanun layihəsinin əsas məqsədləri müdafiə sənayesi fəaliyyətinin liberallaşdırılması — özəl sektor subyektlərinin qeyd olunan sahədə fəaliyyət göstərməsinə icazə verilməsi nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə təyinatlı məmulatlarla təchizat dayanıqlılığının təmin edilməsində dövlətin yükünün və ixracdan asılılığın azaldılmasına, ümumilikdə isə müvafiq sahə üzrə yerli istehsal və ixracı artırmaqla sahənin inkişafına nail olmaqdır.
Qanun layihəsi müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı fəaliyyətinin liberallaşdırılması, bu sahədə yeni iştirakçıların formalaşdırılması, habelə həmin fəaliyyətlərdən irəli gələrək bu sahədə təmir və texniki xidmət göstərilməsi fəaliyyətlərinin tənzimlənməsi və təşviqi məqsədilə hazırlanıb.
Belə ki, qanun layihəsi əsasən aşağıdakıları nəzərdə tutur:
- hazırda qüvvədə olan qanunvericiliyə əsasən döyüş təyinatlı hərbi texnika, qanunla dövriyyəsi qadağan edilən silahlar (xidməti və mülki silah istisna olmaqla) və döyüş sursatları mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında yer tutur. Lakin onların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın) istehsalı üçün istifadə olunan avadanlıqlara daha yüngül hüquqi rejim tətbiq olunur. Bu avadanlıqlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların) siyahısında öz əksini tapır.
Təklif olunan dəyişikliyə əsasən döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın, döyüş sursatının mülki dövriyyəsinin daha da liberallaşdırılması təmin olunur, bununla da onların satışının, idxalının və ixracının xüsusi icazə əsasında həyata keçirilməsinin hüquqi əsası yaradılır. Beləliklə, döyüş təyinatlı hərbi texnika və hərbi silah və döyüş sursatı (satışına, idxalına və ixracına münasibətdə) və onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, habelə onlar üçün ehtiyat hissələri mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola biləcək və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilə biləcəkdir.
- Yuxarıdakılardan irəli gələrək aşağıdakı fəaliyyət növləri dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına əlavə edilir və həmin fəaliyyət növlərinə görə tutulacaq dövlət rüsumunun dərəcələri müvafiq qanunla müəyyən olunur. Buraya aiddir:
- döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın, döyüş sursatının layihələndirilməsi,
istehsalı və sınaqdan keçirilməsi, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi, saxlanılması, utilizasiyası.
Qeyd edilməlidir ki, paylarının (səhmlərinin) 100 faizi dövlətə məxsus olan hüquqi şəxslərə (siyahı üzrə) lisenziya alınması tələbi şamil edilmir.
- Bu sahədə fəaliyyətin dəstəklənməsi, onların fəaliyyətinin təşviqi üçün vergi və gömrük güzəştlərinin (azadolmalarının) tətbiqi dairəsi genişləndirilir.
Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən ƏDV-dən azad olma hazırda müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq təsdiqedici sənəd əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın idxalına və həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışına şamil olunur. Təklif olunur ki, bu dairə daha da genişləndirilsin və müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı ilə məşğul olan şəxslərlə yanaşı, onların satışını, təmirini və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslərin də həyata keçirdiyi idxala, satışa, təmirə və texniki xidmətə şamil olunsun.
Hazırda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələrin idxalı gömrük rüsumundan azad edilir, təklif olunan dəyişikliyə əsasən bu azadolmanın dairəsi genişləndirilir və azadolmanın müdafiə təyinatlı məmulatların layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirəcək bütün subyektlərə (müvafiq təsdiqedici sənədi əsasında) şamil edilməsi nəzərdə tutulur.