Gürcüstanda qətlə yetirilən azərbaycanlı yeniyetmənin anası və dayısı ilə bağlı məhkəmə yekun qərar verəcək
Rustavi Şəhər Məhkəməsi aprelin 30-da ötən il Saqareco rayonunun Ləmbəli kəndində qətlə yetirilmiş 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın anası və dayısı ilə bağlı yekun qərarını bəyan edəcək.
APA-nın Tbilisi müxbiri “İnterpressnews” agentliyinə istinadən xəbər verir ki, qətlə yetirilmiş yeniyetmənin anası Yeganə Məhərrəmova və onun dayısı Natiq Məhərrəmov azyaşlını evlənməyə məcbur etməkdə, həmçinin cinayəti xəbər verməməkdə ittiham edilirlər. Məhkəmənin hakimi Maya Şoşiaşvili yekun dinləmələrdən sonra müttəhimlərlə bağlı qərarını açıqlayacaq.
Məlumata görə, bu gün keçirilən dinləmədə tərəflər öz bağlanış qeydlərini ediblər.
Dövlət ittihamçısı Xatia Qoqriçiani müttəhimlərin 13 yaşlı uşağı nigaha məcbur etməsinə və cinayət halını xəbər verməməsinə dair qəti dəlillər olduğunu bildirib. Məlumata görə, bugünkü sessiyada Natiq Məhərrəmov vəkili vasitəsilə bacısı Yeganə Məhərrəmovadan üzr istəyib.
Xatırladaq ki, qətl ötən il oktyabrın 6-da baş verib. Ləmbəli kənd sakini Əli Sadiqov mübahisə zəminində “həyat yoldaşı” 14 yaşlı Aytac Şahmarovanı odlu silahla qətlə yetirib. Aytac Şahmarova əslən Dmanisinin Məmişlər kəndindən olub. Onun qaçırılaraq evliliyə məcbur edildiyi bildirilir.