Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri görüşüb
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən, hər iki ölkənin hərbi mütəxəssisləri arasında müxtəlif mövzularda görüşlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
MN-in Tibb İdarəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağı, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən görüşlərdə Ordumuzda hərbi tibb sahəsində görülən tədbirlər, kiber təhlükəsizliklə bağlı icra olunan fəaliyyətlər, informasiya mübarizəsi işinin təşkili, peşəkar hərbi kadrların yetişdirilməsi, ideoloji iş və mənəvi psixoloji təminat və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, brifinqlər təqdim edilib.
Görüşlərdən sonra Qazaxıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Stomatoloji Poliklinika, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi, Hərbi Tibb Fakültəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağı və Hərbi Nəşriyyatda görülən işlərlə tanış olub.