Məişət zəminində psixi zorakılıq hansı əməllərlə ifadə olunur?
Baş Prokurorluq məişət zəminində psixi zorakılıqla bağlı suallara aydınlıq gətirib.
Məişət zəminində psixi zorakılıq dedikdə, bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxs tərəfindən psixi təzyiq göstərmə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər başa düşülür.
Bu kateqoriyadan olan zorakılıq aktları qəsdən törədilir və bu hərəkətlərə yol verən şəxslərin məqsədi öz qurbanlarını alçaltmaq və ya qorxu aşılamaq, manipulyasiya etmək, onların üzərində güc və ya nəzarət göstərmək, psixi vəziyyətini idarə etmək və s. ibarət olur.
Nəzərə almaq lazımdır ki, psixi zorakılıq birbaşa sözlərdən istifadə etməklə yanaşı qurbanı qorxutmaq, idarə etmək və ya hədələmək üçün qorxuducu üz ifadələri, jestlər və ya bədən dilindən istifadə etməklə də törədilə bilər.
Məişət zorakılığında bəzi ümumi psixi zorakılıq hərəkətlərinə bunları misal göstərmək olar:
1. Şəxsi kobud və ya sözlərlə alçaltmaq, onun özünə hörmət hissi (ləyaqət) və başqalarının verdiyi dəyəri (şərəf) sarsıtmaq üçün daimi tənqid, istehza və ya digər bu kimi ifadələrdən istifadə etməklə təhqir etmək;
2. Faktları inkar etmək və ya təhrif etməklə şəxsin reallıq qavrayışını manipulyasiya etmək, onun yaddaşı, qavrayışı və ya ağlına şübhə ilə yanaşmaqla şəxsdə özünə şübhə və qeyri-reallıq hissini aşılamaq, bacarıqlarını inkar etməklə qurbanda acizlik hissi yaratmaq;
3. Qorxu və nəzarəti aşılamaq üçün şəxsin özünə və ya onun yaxınlarına zərər vurmaq, zorakılıq etmək və ya qisas almaqla hədələmək. Bu, əsasən əmlakın, şəxsi əşyaların məhv edilməsi, müxtəlif şayiələr və ya yalanların yayılması ilə təhdid etməkdə özünü göstərir. Həmçinin, hədə-qorxu qurbanın inancları, dəyərləri və ya istəklərinə zidd olan müxtəlif tələb və ya istəkləri yerinə yetirməyə məcbur etməklə bağlı ola bilər;
4. Şəxsin sosial qarşılıqlı əlaqələrinə, münasibətlərinə və fəaliyyətlərinə nəzarət etmək və ya məhdudlaşdırmaq. Bu, əsasən qurbanın dostları və ya ailəsi ilə görüşməsinə mane olmaq, onlarla ünsiyyətinə nəzarət etmək və ya davranışlarına ciddi qaydalar yaxud qadağalar tətbiq etməkdən, o cümlədən telefon zəngləri, e-poçtlar və ya sosial media hesablarına həddindən artıq nəzarət etmək, onların yerini izləmək və ya gündəlik iş rejimi və fəaliyyətini mütəmadi olaraq diktə etməkdən ibarət ola bilər;
5. Qurbanı istər şəxsi münasibətlərdə, istərsə də başqalarının gözü qarşısında utandırmaq və ya alçaltmaq. Bu, şəxsin ifadə etdiyi fikirlərə alçaldıcı şərhlər vermək, qurbanın görünüşünü və ya bacarıqlarını ələ salmaq və ya razılığı olmadan şəxsi məlumatları ifşa etməkdə ifadə oluna bilər;
6. Qəsdən şəxsi müxtəlif dəstək və ya yardım mənbələrindən təcrid etmək. Bu, şəxsin öz yaxınlarından, ailə üzvlərindən kömək istəməsinə maneələr yaratmaq, onu psixi cəhətdən qeyri-sabit biri kimi və ya etibarsız fərd kimi göstərməkdə ifadə oluna bilər;
7. Şəxsin emosional ehtiyaclarına, hisslərinə və ya narahatlıqlarına məhəl qoymamaq, ona laqeyd yanaşmaq, anlayış göstərməmək, qərəzli davranmaq (empatiya) yaxud dəstək verməkdən imtina etmək. Bu hərəkətlər qurbanda emosional boşluq, tənhalıq və laqeydlik hissi əmələ gəlməsi ilə nəticələnir;
Həmçinin, şəxsə cəza və ya nəzarət forması kimi sevgi yaxud hörmət göstərməmək, emosional dəstək verməmək, qurbanın emosional ehtiyaclarına məhəl qoymamaq, səssiz rəftar etmək və ya sevgi və yaxınlıqdan məhrum olmaqdan ibarət ola bilər;
8. Şəxsin təqsiri və ya günahı olmasa belə, mütəmadi olaraq hər hansı vəziyyət və ya xoşagəlməz nəticələr görə onu ittiham etmək, günahlandırmaq, ona qarşı qərəzli və yalan ittihamlar irəli sürmək;
9. Görünüşlər və ya jestlər vasitəsilə qorxutma: birbaşa sözlərdən istifadə etmədən qurbanı qorxutmaq, idarə etmək və ya hədələmək üçün qorxuducu üz ifadələri, jestlər və ya bədən dilindən istifadə etmək. Bu, qurbanda qorxu və narahatlıq hissi yarada bilər.