“MKT İstehsalat Kommersiya” MMC-nin direktorunun özbaşınalığı... - işçilər narazıdır
"MKT İstehsalat Kommersiya” MMC-nin bir qrup əməkdaşı şirkətin baş direktoru Rövşən Həsənovun fəaliyyətindən narazıdır. Xalqxeber.az xəbər verir ki, bu barədə İnterpress.az-a MMC-nin bir qrup işçisi məlumat verib.
Onların sözlərinə görə, R.Həsənov əksər vaxtlarda heç işdə olmur və şirkəti guya kənardan idarə edir. Amma həmin müddətdə R.Həsənovun kef-damağda, eyş-işrət məclislərində vaxt keçirdiyi iddia olunur.
Buna görə də şirkətin fəaliyyətinin zəiflədiyi, əvvəlki templə işləmədiyi bildirilir.
Bununla yanaşı şirkət rəhbərinin işçiləri bəzi hallarda əsassız yerə işdən çıxardığı, onların əməkhaqqını kəsdiyi də qeyd edilir.
Hətta bir müddət əvvəl bu ilin əvvəlində "MKT İstehsalat Kommersiya”MMC və şirkətin Biləsuvar filalı məhkəməyə verilib.
Mətbuatda yayılan məlumata görə, iddiaçı Əliyev Nicat Elsevər oğlu işə bərpa və əmək haqqının ödənilməsi ilə şirkəti məhkəməyə verib. İş apellyasiya mərhələsinə qədər gedib çıxıb.
Bununla yanaşı ölkədə pambıqçılığın inkişafı ilə məşğul olmaq üçün fəaliyyət göstərən bu qurumun indi bütün günü dövlətdən ayrılan vəsaitləri mənimsəməsi üçün yollar axtardığı iddia edilir.
İddiaya görə, şirkət rəhbərinin rüşvət, korrupsiya və mənimsəmə yolları ilə sahib olduğu sərvətinin və mülklərinin yalnız cüzi hissəsi öz adınadır. Onun bir çox mülklərinin ən yaxın qohumlarının adına sənədləşdirdiyi iddia edilir.
Məlumat üçün bildirək ki, R.Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı 2019-cu ilin dekabr ayında keçirilən müşavirədə yol verdiyi səhlə tanınır.
O, ölkə rəhbərinin hüzurunda ictimaiyyətə səhv məlumat verərkən dövlət başçısı Prezident İlham Əliyev onun səhvini düzəldib. Belə ki, müşavirədə "MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov çıxış edərkən yalnışlığa yol verib. Belə ki, o "Avstraliya” əvəzinə "Avstriya” deyib. Prezident isə onun sözünü kəsərək səhvini düzəldib.
"MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Avstriya ilə Avstraliyanı qarışdırıb.
Həmin mövzuda baş tutan dialoqu təqdim edir:
Prezident İlham Əliyev: Siz deyirsiniz ki, məhsuldarlığa görə MKT dünyada ilk onluqdadır. Ən çox məhsuldarlığı olan ölkələr hansılardır? Sizdə bu məlumat var?
Rövşən Həsənov: Bəli var, cənab Prezident. İlk onluqda olan ölkələr Çin, İsrail, Avstriya, Braziliya, Meksikadır.
Prezident İlham Əliyev: Avstriyada da pambıq yetişdirilir?
Rövşən Həsənov: Çox üzr istəyirəm, Avstraliya, Braziliya, Meksika, Yunanıstan.