Mart ayında 3 milyona yaxın sərnişin Esenboğa Beynəlxalq Hava Limanından səyahət edib
2024-cü ilin mart ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 2 milyon 887 min 966 nəfər olub.
Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 11 faiz artaraq 2 milyon 205 min 949 nəfər, beynəlxalq reyslər üzrə isə 41 faiz artaraq 682 min 17 nəfər təşkil edib.
2024-cü ilin mart ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 27 min 102 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 16 min 696 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 33 faiz artaraq, 10 min 406 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin mart ayı ilə müqayisədə 7 faiz artaraq, 22 min 303 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı dəyişməyərək 16 min 655, beynəlxalq reyslər üzrə isə 36 faiz artaraq 5 min 648 olub.
Bu ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 43 milyon 858 min 984 nəfər, yük dövriyyəsi isə 1 milyon 966 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.