Alimlər demensiya xəstəliyinə səbəb ola biləcək 5 peşənin adını açıqlayıblar
“Science Direct” elmi nəşrində dərc olunan məqaləyə əsasən, alimlər intensiv fiziki əmək və demensiya xəstəliyinin (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) inkişafı arasında əlaqəni müəyyən ediblər.
“Report” xəbər verir ki, tədqiqat Norveçdə böyüklər arasında demensiya ilə bağlı geniş əhali əsaslı tədqiqatda 7 000 iştirakçının məlumatlarına əsaslanıb.
Tədqiqat nəticəsində alimlər belə qənaətə gəliblər ki, fiziki cəhətdən ağır işlərlə məşğul olan insanlar digər qruplarla müqayisədə demansiya xəstəliyinə tutulma ehtimalı təxminən 15,5 % çoxdur.
Alimlər yüksək risklə əlaqəli peşələr arasında kassirləri, satış menecerlərini, tibb işçilərini, fermerləri və heyvandarlıq işçilərini qeyd ediblər. Bu insanlar tez-tez uzun müddət ayaq üstdə qaldıqlarından stress və emosional tükənmə riskinin artması ilə qarşılaşırlar.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, istirahətin və boş vaxtın olmaması orqanizmin enerjisinin tükənməsinə gətirib çıxarır ki, bu da koqnitiv qabiliyyətlərə mənfi təsir göstərir.