Xanın kəndində cinayət və qəsb binaları sökülür
"Dünya durduqca bu binalar duracaq, qarabağlı ermənilərin şücaətinin, qəhrəmanlığının və azadlığının daşlara hopmuş xatirəsi kimi qalacaq".
2007-ci il, 2 sentyabr. Xankəndindəki separatçı xuntanın "16-cı ildönümü" günü "Dağlıq Qarabağ parlamenti"nin binasının təntənəli açılış mərasimi.
Ermənistan parlamentinin spikeri Tiqran Torosyan nitqində binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut”, "möhtəşəm hadisə", "unudulmayacaq an" kimi də dəyərləndirmişdi.
Binanın tikintisinə 2006-cı ildə 586 min ABŞ dolları ayrılıb, amma bu vəsait “kifayət etməyib”, ona görə 2007-ci ildə əlavə 985 min ABŞ dollarına qədər pul ayrılıb. Bununla belə, binanın tikintisinin yekunlaşması üçün əlavə adları çəkilməyən sponsorlardan da pullar yığılmışdı.
Haqqında "dünya durduqca" söylənən, memarlıq baxımından primitiv formada, zövqsüz üslubda, bir çox stillərin xaotik yığını olan bina artıq beton, daş və armatur topasıdır.
Dünya durmayıb, həmin bina kimi. Azərbaycan ərazilərinin 20 faizinin işğalda olduğu 30 il ərzində qarabağlı ermənilərin separatçılığı, terrorçuluğu və caniliyinin simvolları kimi, bu bina da artıq tarixə qovuşdu.
Var idi, indi yoxdur: ermənilərin Qarabağla bağlı puç arzuları, çirkin niyyətləri və murdar planları təki.
Ümumi sahəsi 1350 m2 olan bina bu gün yerlə yeksan edildi.
Simvolik, həm də normal hadisədir.
Xankəndidəki separatçı rejimin sonu ötən ilin sentyabrında çatdısa, həmin xuntanın rəhbərlərinin toplaşdığı, cinayətlərini "parlament qərarları" ilə qanuniləşdirməyə çalışdıqları bina da dağıdıldı.
Yer Azərbaycanın torpağı, yeksan olansa erməni xülyasıdır.
"Parlament" binası ilə bahəm, "Arstaxın Azadlıq Döyüşçüləri Muzeyi"nin ("Azatamartik İttifaqı Muzeyi") binası da uçuruldu.
3 mərtəbə, zirzəmi, yarım-zirzəmi və mezonin mərtəbəli olmaqla, ümumi sahəsi 1 886 kv.m və tikinti altı sahəsi 811 kv.m təşkil edir.
Binaya yuxarıdan baxdıqda xaç işarəsini xatırladır.
2013-cü ilin mayın 9-da, Şuşağın işğalını ermənilərin bayram etdikləri gündə həmin bina istifadəyə verilmişdi.
Təntənəli mərasimə separatçı xuntanın o dönəmdəki rəhbəri Bako Saakyanla yanaşı, Ermənistan prezidenti Serj Sarqsyan da qatılmışdılar.
Yuxarıdan baxdıqda xaç formasında olan binanın inşasına 2014-cü ildə maliyyə fırıldaqlarına görə Rusiyada həbs olunmuş və həbsxanada vəfat etmiş Levon Ayrapetyanın xeyriyyə fondu, işğal olunmuş ərazilərə külli miqdarda “investisiya” qoymuş "Vallex Group", habelə Rusiyanın paytaxtı Moskvadakı və Stavprol diyarındakı erməni icmasının mənsubları pul xərcləmişdilər.
Azərbaycana qarşı onillərlə davam etmiş qəsdin, separatizmin maniakal vəhşilik səviyyəsinə çatdırılmış "sexakronizm" düşüncəsinin neonasizmlə qarışığı olan anlayışın simvoluna çevrilmiş binaların sökülməsi normal hadisədir.
Hətta labüd olaydır, çünki bu iki binanın Xankəndinin ümumi planına, Azərbaycan ərazisi olan Qarabağın ümumi memarlıq üslubuna əsla dəxli yoxdur.
Ermənilər bəhs etdiyiimiz məqamları bilirlər, amma artıq iki gündür total vaysınma quraraq deyirlər ki, sən demə, "Azərbaycan Xankəndində erməni irsini, tarixi-mədəniyyət abidələrini məhv edir".
Paroksizm o həddə çatıb ki, erməni katolikosundan artıq aşotluq etmək niyyətini nümayiş etdirən, Parisdəki "Le Figaro"nun direktor müavini olan Jan-Kristov Büisson az qalır virtual hönkürtüsünü isterikaya çatdırsın: "Onlar ermənilərin demokratiyaya sayğısının simvollarını da dağıdırlar".
Halbuki Xankəndidə ermənilərin tarixi və ya mədəniyyət abidələri, hansısa irsi sökülmür.
Tam əksinə.
Ermənilərin uydurma tarix yazmaq cəhdlərinin rəsmiləşdiyi "parlament" binası ilə qarabağlı erməni separatçılarının mədəniyyətə, insanlığa, humanizmə, mnətiqə və reallığa düşmən kəsilmiş daşnak ideologiyasının təcəssümlərindən sayıla biləcək "Azadlıq Döyüşçüləri Binası" torpağımızdan qaldırılır.
Sanitar-gigiyenik prosedur, Azərbaycan vətəndaşlarının ekologiya, estetika, memarlıq və mədəniyyətlə bağlı hüquqlarının təminatına yönəlmiş addımdır.
Belə eybəcər tikililər şəhərsalma qaydaları ilə yanaşı, əxlaqa, mənəviyyata, yazılmış və yazılmamış qanunlara ziddir.
Sökülən binaların ikisi də işğal dönəmində tikilib və bu səbəbdən sökülməlidir. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı qəsd və hüquqa zidd əməl olduğu üçün, bu əməli törədənlərin tikdikləri istənilən bina qanunsuzdur.
Ermənilərin uydurma tarixləri, ərazi iddiaları, revanşist düşüncələri, saxtakar siyasətləri bütün bəşər qanunlarına əks olduğu kimi.
Xankəndidə sadəcə, təmizlik işləri aparılır.
Xanın kəndi çirkabdan qurtulur.
Bu, əsl, gerçək və dürüst tarixdir.