Əmanətlərin Sığortalanması Fondu maliyyə hesabatlarını AÇIQLAYIB
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2021 və 2022-ci illər üzrə maliyyə hesabatlarını açıqlayıb.
Fond 2021-ci ili 104,5 milyon manat, 2022-ci ili isə 107,1 milyon manat xalis mənfəətlə bitirib. Başqa sözlə, 2022-ci ildə Fondun xalis mənfəəti əvvəlki ilə nisbətən 2,5% artıb.
Hesabat dövründə, Fondun sığorta premiyaları 64,3 milyon manat (2021-ci ilə nisbətən 30,6% çox), faiz gəlirləri 3,3 milyon manat (2,1 dəfə çox), banklara ödənilmiş kompensasiyaların geri qaytarılması üzrə vəsaitlər 45,2 milyon manat (10% az), sair gəlirlər isə 3,5 milyon manat (56,8% az) təşkil edib.
2022-ci il üzrə ƏSF-nin cəmi aktivləri 566,5 milyon manat olub ki, bu da 2021-ci ilə nisbətən 14,1% çoxdur. 2021-ci il üzrə bu rəqəm 496,8 milyon manat təşkil edib. Bu dövrdə Fondun cəmi öhəlikləri isə 2021-ci ildəki 330,6 milyon manatdan 293,1 milyon manata (11,2% azalın) enib. ƏSF-nin cəmi kapitalı 2022-ci ildə 273,4 milyon manata bərabər olub ki, bu əvvəlki ilə nisbətən 64,5% çoxdur.
2021-ci ildə Fondun cəmi kapitalı 166,3 milyon manat təşkil edib.