Dünya azərbaycanlılarından Prezident İlham Əliyevə möhtəşəm dəstək – “55 milyonluq azərbaycanlılar üçün işıqlı yol...”
7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca, dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış soydaşlarımız seçkilərlə bağlı mövqelərini açıqlayırlar.
Trend xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz “Facebook” sosial şəbəkəsində yaratdıqları “BİZ – Zəfər Yoluna Davam” platforması vasitəsilə Azərbaycanın xoşbəxt gələcəyinin memarı Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirir, dünya azərbaycanlılarını milli birlik nümayiş etdirərək seçkilərdə fəal olmağa dəvət edirlər. Onların arasında Türkiyənin Bilkent Universitetinin professoru, Azərbaycanın əməkdar elm xadimi Əmirullah Məmmədov, Kanadanın Vaterloo Universitetinin professoru, Azərbaycanın “Tərəqqi” medalı laureatı İlham Axundov, Azərbaycanın xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycanın “Dostluq” ordeni laureatı Məmmədəli Ağayev, Rusiyanın əməkdar incəsənət xadimi, Mariinskiy Teatrın Primorye səhnəsinin balet qrupunun bədii rəhbəri, Azərbaycanın “Dostluq” ordeni laureatı Eldar Əliyev də var.
Azərbaycanın mməkdar rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Nərimanbəyova da Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirib: “Valideynlərimin – Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov və Azərbaycanın əməkdar rəssamı Elmira Hüseynovanın hər zaman Sizi – görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən İlham Heydər oğlu Əliyevi dəstəklədiklərini qürur hissi ilə xatırlayıram. Bu gün bu ənənəni oğlum Tofiq Ağayevlə birgə davam etdirdiyim üçün xoşbəxtəm. Əminik ki, xalqımızın seçimi dövrümüzün görkəmli siyasətçisi və dövlət xadimi İlham Heydər oğlu Əliyev olacaq”.
Pənahəli xanın İspaniyada yaşayan varisi, Madrid Alkala Universitetinin 4-cü kurs tələbəsi, Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Məhəmmədəli Əkbərov Prezident İlham Əliyevə müraciətində ona dəstəyini bildirib: “Pənahəli xanın nəslindən bir nümayəndə olaraq suveren Azərbaycan torpaqlarının azad olunması məni qürurlandırır”.
Azərbaycan Yaponiya Dostluq Mərkəzi də 7 fevral seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcək. Bu barədə mərkəzin sədri, dünya şöhrətli azərbaycanlı elektronika mühəndisi, LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı Xəlil Kələntərin bəyanatında bildirilib: “Hesab edirik ki, növbədənkənar Prezident seçkiləri 55 milyonluq azərbaycanlılar üçün işıqlı yol və böyük millətimizin taleyində çox vacib məqam olacaq. Azərbaycan-Yaponiya Dostluq Mərkəzi olaraq inanırıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müasir, dünyəvi və inkişaf etmiş ölkəmiz üçün güclü bir Liderdir və biz Sizin namizədliyinizi dəstəkləyirik”.
ABŞ-da fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarova Amerikada yaşayan azərbaycanlıların seçiminin İlham Əliyev olduğunu vurğulayıb: “Cənab Prezident, Amerika azərbaycanlıları olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində “Qalib Xalqın Qalib Lideri” şüarı altında Sizin yenidən qalib gələcəyinizə inanır, ölkə başçısı kimi fəaliyyətinizi uğurla davam etdirməyinizi diləyirik”.
Soydaşlarımızın BİZ platformasındakı videomüraciətlərini aşağıdakı link vasitəsilə izləmək olar: