İranın Mazandaran vilayətindən qeyri-neft məhsul ixracı artıb
Cari İran ilinin 10 ayı (21 mart 2023 – 20 yanvar 2024) ərzində İranın şimalında yerləşən Mazandaran vilayətindən qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 12%, çəki baxımından 49% artıb.
Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti gömrüklərinin nəzarətçisi Əmir Cəmşidi deyib.
Ə.Cəmşidinin sözlərinə görə, 10 ay ərzində Mazandaran vilayətindən 258 milyon dollardan çox dəyərdə təxminən 1,3 milyon ton qeyri-neft məhsulu ixrac edilib.
Cəmşidi əlavə edib ki, qeyd olunan müddətdə Mazandaran vilayətindən 286 növ məhsul ixrac edilib. Əsas 5 məhsul isə bunlardır: 97 milyon dollar dəyərində süd və süd məmulatları, 31 milyon dollar dəyərində sement, 27 milyon dollar dəyərində kauçuk maddələr, 20 milyon dollar dəyərində sitrus meyvələri və 14 milyon dollar dəyərində müxtəlif qida məhsulları ixrac edilib.
Gömrük rəsmisi bildirib ki, 10 ay ərzində Mazandaran vilayətindən 49 ölkəyə məhsul ixrac olunub. Qeyd olunan müddətdə əsasən 119 milyon dollar dəyərində İraqa, 61 milyon dollar dəyərində Rusiyaya, 13 milyon dollar dəyərində Türkmənistana, 11 milyon dollar dəyərində Qazaxıstana, 8 milyon dollar dəyərində BƏƏ-yə məhsul ixrac olunub.
Əlavə edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, 9 ayda İran 36,4 milyard dollar dəyərində təxminən 102 milyon ton qeyri-neft məhsulları ixrac edib. Qeyri-neft məhsulları ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 0,68% azalıb, çəki baxımından 26,5% artıb.