Özünü vəkil kimi təqdim edən şəxs tanınmış rejissora qarşı dələduzluq edib - İDDİA
Tanınmış rejissor, televiziya aparıcısı və aktyor Elşad Rəhimzadə özünü vəkil kimi təqdim edən şəxsin onun etibarından sui-istifadə edərək 8 400 manat məbləğində pulunu ələ keçirdiyini bildirir.
E-huquq.az-a müraciət edən aktyorun sözlərinə görə, Səbiyyə Panəliyeva adlı şəxs vəkil olduğunu deyərək onun hüquqlarını müdafiə edəcəyini və məhkəmədə lehinə qərar çıxarılmasına nail olacağını vəd edib.
""Access Bank"a olan kredit borcumuzla bağlı aylıq ödənişi gecikdirdiyimizə görə bank bizi məhkəməyə verib. Buna görə hüquqi yardıma ehtiyacımız olub. Həyat yoldaşım hüquqi məsləhət almaq üçün sosial şəbəkələrdə vəkil axtarmağa başlayıb və Səbiyyə Panəliyevanın səhifəsi qarşısına çıxıb. Onunla əlaqə saxladıqda Səbiyyə Panəliyeva vəkil olduğunu bildirib, məhkəmə mübahisəsinin bizim xeyrimizə həll olunacağını, banka ödəməli olduğumuz aylıq ödənişin məbləğinin aşağı salınacağını söyləyib. O, etibarnamə əsasında məhkəmə prosesində nümayəndəmiz kimi iştirak edib. Lakin həmin məhkəmədə uduzmuşuq və nəticədə "Access Bank"da girov qoyulan ev bank tərəfindən müsadirə olunub", - deyə E.Rəhimzadə bildirib.
Onun sözlərinə görə, S.Panəliyeva banka ödəmək adı ilə onlardan aldığı pulları mənimsəyib: "Bizdən pul istəyib ki, guya banka olan borclarımızın ödənişini özü etsin. Biz də ona etibar edərək ümumilikdə 8 400 manat pul göndərmişik. Hər dəfə də bizə ödənişi etdiyini deyirdi, lakin qəbzi tələb etdikdə müxtəlif bəhanələrlə göndərməkdən yayınırdı. Bir müddət sonra öyrənmişik ki, banka heç bir ödəniş edilməyib. Sən demə, bizi aldadırmış".
Bundan sonra zərərçəkmiş S.Panəliyeva ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib: "Kollegiyaya şikayət edəndə bizə məlum oldu ki, bu adam vəkil deyilmiş. Onu da öyrəndik ki, bizdən başqa çox sayda insan Səbiyyə Panəliyeva barədə Vəkillər Kollegiyasına şikayət edib. Mən bu məsələni ictimailəşdirdikdən sonra xeyli adam mənimlə əlaqə saxlayaraq Səbiyyə Panəliyevanın onlara qarşı da eyni əməli törətdiyini dedi. Deməli, bu şəxs vəkil adından istifadə etməklə yanaşı, həm də ayrı-ayrı şəxsləri işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçiribmiş".
Aktyorun sözlərinə görə, S.Panəliyevə bir neçə ay öncə dəymiş zərəri ödəyəcəyini desə də, vədinə əməl etməyib: "Səbiyyə Panəliyeva ilə dəfələrlə əlaqə saxlamışıq. O, dəymiş zərəri ödəyəcəyini demişdi. Biz də bir neçə ay gözlədik, amma pulu qaytarmadı. Məndə olan məlumata görə, bu adam digər zərərçəkmişlərə də eyni şəkildə vədlər verib. Hətta bəzi zərərçəkmişləri şantaj edib ki, onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsinlər".
E.Rəhimzadə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib: "Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, Xəzər Rayon Polis İdarəsinə, Yasamal Rayon Polis İdərəsinə, Bakı şəhər Prokrorluğuna, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişik. Bizə deyirlər ki, araşdırma gedir. Lakin hələ ki heç bir nəticə yoxdur. Bu adama görə cari ilin sentyabr ayında məhkəmə qərarı ilə evimiz müsadirə olunub və ailəmiz evsiz qalıb. Xahiş edirəm ki, aidiyyəti orqanlar həmin şəxslə bağlı tədbir görsünlər".
Vəkillər Kollegiyasından e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, barəsində şikayət olunan Panəliyeva Səbiyyə İlham qızı Vəkillər Kollegiyasının üzvü deyil.
Qeyd olunub ki, həmin şəxslə bağlı əvvəllər də Kollegiyanın Rəyasət Heyətinə daxil olmuş müraciətlər üzrə tərəfimizdən vətəndaşlara izahlar verilib, şikayətləri aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib: "Odur ki, vətəndaşları sosial şəbəkələr vasitəsi ilə hüquq xidmətləri göstərən səhifələrə müraciət edərkən ünsiyyət zamanı diqqətli olmağa, şəxsi sirrlərini yazışmalarla təqdim etməməyə, hüquqi yardım göstərəcək şəxslərin vəkil olduqlarını bizim internet saytımızda (http://barassociation.az) dəqiqləşdirməyə, vəkillik statusunu təsdiq edən xidməti vəsiqəni tələb etməyə və yalnız vəkil bürolarında və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin ofisində vəkil xidmətlərinin göstərilməsi haqqında müqavilə bağladıqdan sonra ödənişlər etməyə çağırırıq".
Bildirilib ki, vəkil adından qanunsuz istifadə hallarına mütəmadi olaraq rast gəlinir: "Belə hallar vətəndaşların keyfiyyətli hüquqi yardım almasına mane olmaqla yanaşı, vəkilliyin nüfuzuna mənfi təsir göstərir. Bildirmək istərdik ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu kimi hallarla mübarizə istiqamətində bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək. Vəkil adından qanunsuz istifadə edən şəxslərlə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yerləşdirilmiş "Vəkillərin reyestri" bölməsi və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirsinlər. Eyni zamanda vətəndaşlardan qanunsuz olaraq vəkil adından istifadə edilməsi halında “Qaynar xətt”ə (012 594 08 70) zəng edərək məlumat verilməsini xahiş edirik!".