Ermənistan parlamenti onları toxunulmazlıqdan məhrum etdi
Ermənistan parlamenti “Hayastan” müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan və katibi Artsvik Minasyanı deputat toxunulmazlığından məhrum edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, deputatlar 59 “lehinə”, 0 “əleyhinə” səslə Baş prokurorun vəsatətini təmin ediblər.
Qeyd edək ki, Ohanyan müdafiə naziri işlədiyi 2010-2015-ci illərdə Geqarkunik vilayətinin Draxtik icmasında 10,5 min kvadratmetr ərazini qanunsuz olaraq mənimsəməkdə ittiham olunur. Müstəntiqlərin fikrincə, bu torpaq sahəsində qanuna zidd olaraq Ohanyana aid edilmiş malikanə tikilib.
2016-2018-ci illərdə təbiətin mühafizəsi naziri postunu tutan Minasyan isə, prokurorluğun fikrincə, qanunsuz tikinti barədə məlumat verməli idi, lakin bunu etməyib. Nəticədə malikanə nəinki leqallaşdırılıb, həm də onun sonradan ictimai istifadəyə verilməsini nəzərdə tutan investisiya proqramına daxil edilib.