“Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb”
Bakıda və Abşeron yarımadasında 15 saat ərzində 57 mm yağıntı düşüb.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 100 illik hidrometeoroloji statistik məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında ən güclü yağış 1966-cı ilin 23 aprel tarixində müşahidə edilib. Həmin gün 73.3 mm yağıntı düşüb, bu da aylıq normanın 317 faizini təşkil edib.
“Bu il aprelin 16-da gecə saatlarından başlayaraq 15 saat ərzində düşən yağıntının miqdarı 57 mm olub ki, bu da adətən ay ərzində düşən yağıntının miqdarından 2 dəfə (217%) çoxdur. Beləliklə, bu hal son 59 ilin rekord göstəricisidir”,- deyə, G.Abbasova qeyd edib.