"Şəfəq" layihəsi üzrə qiymətləndirmə martın sonunadək nazirliyə təqdim olunacaq
bp şirkətinin törəməsi olan "Lightsource bp" şirkəti bu il mart ayının sonunadək Cəbrayıl rayonunda 240 meqavatt gücündə günəş-elektrik stansiyasının (GES) "Şəfəq" layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin yekun versiyasını Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edəcək.
Bu barədə "Lightsource bp" şirkətinin ekoloji və sosial məsələlərin planlaşdırılması üzrə əsas mütəxəssisi Aaron Şeyn "Şəfəq" layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin versiyasının müzakirəsi üçün ictimaiyyətlə görüşdə deyib.
"Mart ayında "Şəfəq" GES-in tikinti layihəsi üzrə ƏMSSTQ-in yekun variantını Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməyi planlaşdırırıq və aprel ayında təsdiqlənəcəyinə ümid edirik", - o deyib.
Onun sözlərinə görə, GES-in tikintisinə bu ilin ikinci yarısında, Cəbrayıldan 5-10 km məsafədə başlanılması planlaşdırılır və tikinti ümumilikdə 18 ay davam edəcək.
"Lightsource bp" stansiyanın tikintisi, istismara verilməsi və istismarına görə cavabdehlik daşıyacaq.
GES-in tikintisi 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrınadək aparılacaq, istismara vermə sınaqları 2025-ci ilin noyabrında başlayacaq, stansiyanın kommersiya istismarı 2025-ci ilin dekabrında başlayacaq.
6-8 ay ərzində tikinti işçi qüvvəsinin orta hesabla 300 nəfərdən ibarət olacağı, pik dövrdə isə 700 nəfərə çatacağı gözlənilir.
GES-in illik 500 milyon kVt/saat elektrik enerjisi hasil edəcəyi gözlənilir.