azfakt.az
http://azfakt.az

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir

16-08-2023, 14:26 Baxılıb: 26

 

Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Heydər Əliyev

Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması dövlət siyasətində prioritet məsələlərdən biridir.

Heydər Əliyev respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb. Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.

Xalqımızın Ümummilli Lideri Abşeronun yaşıllıqlar diyarına çevrilməsi üçün bir çox tədbirlərin görülməsinə nail olub. Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə (1969-1982) yaşıllığın qədrini bilməyənlərə anlatdı ki, yaşıllıq olmayan yerdə həyat yoxdur. Hər kəs iki ağac əkib böyütməlidir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müharibə şəraitində, ağır vəziyyətdə olsaq da, nəinki Bakı şəhərində, eləcə də, respublikamızın bütün bölgələrində yaşıllığa diqqət yenidən artırıldı. Planetin ağciyərləri olan meşələrin qorunması yenidən gündəmə gəldi. Yaşıllaşdırma paytaxt Bakıda və Abşeronda bundan sonra başladı.

Qeyd edək ki, Heydər Əliyevin rəhbərliyi dövründə, 1969-1982-ci illərdə ətraf mühit sahəsində 8 qanun qəbul olunub, Hökumət səviyyəsində 30-dan artıq qərar təsdiq edilib.

1993-cü ildə yenidən hakimiyyətə gəlmiş Ulu Öndərimiz ekoloji məsələləri bir daha ön cərgəyə çəkdi və meşə, torpaq, su və s. haqqında bir sıra yeni qanunlar  qəbul edildi. 1998-ci ildə ekoloji prioritetləri müəyyən edən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlandı. Bu Proqramda nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanda müasir Təhlükəli Tullantılar poliqonu, Xıllı Nərə Balıqartırma zavodu inşa edildi.

2003-cü ildə Heydər Əliyev tərəfindən ekoloji siyasətin müasir strategiya sənədi olan “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram təsdiq edildi.  Bu strateji proqram əsasında ətraf mühitin müxtəlif sahələri üzrə 4 milli və dövlət proqramları, Kompleks tədbirlər Planı təsdiq edilib və həyata keçirilir.

Dövlət başçısı kimi Ümummilli Liderin ekoloji siyasətinin prioritet istiqamətlərindən biri də ölkədə mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, xüsusən də ölkənin su təchizatı, onun inkişafı və dirçəlişi olub. Ona görə də, bu istiqamətdə Ulu Öndər Heydər Əliyev tərəfindən bir çox tədbirlər həyata keçirilib. Bakıda yaşıllıq zonalarının salınması su təchizatında böyük irəliləyişlər nəticəsində mümkün olub.

Ulu Öndər Heydər Əliyev respublikanın rəhbəri təyin olunduğu andan Abşeron yarımadasının su təchizatı istiqamətində müxtəlif tədbirlər həyata keçirildi. Ümummilli Liderin təşəbbüsü ilə Kür-Bakı su kəmərinin tikintisinə başlanıldı. İlk olaraq I Kür su kəməri istifadəyə verildi. Ceyranbatan su qovşağında aparılmış yenidənqurma işləri də regionun su təchizatını xeyli yaxşılaşdırmağa və şəhər əhalisinin su ilə təmin olunmasına imkan verib. Digər qərar isə II Kür su kəmərinin tikintisi haqqında qəbul olundu və I Kür su kəmərinə paralel olaraq II Kür su kəmərləri sistemi istifadəyə verildi.

Azərbaycan respublikası müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin qərarı nəticəsində Bakının və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə 2002-ci ildə Oğuz və Qəbələ rayonları ərazisindəki zəngin su ehtiyatlarının paytaxta gətirilməsi üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi qərara alındı.

Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, xüsusən də Bakıda və Abşeron yarımadasında yaşıllıq zolaqların genişləndirilməsi üçün verdiyi tapşırıqlar, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, ölkənin su təchizatı, inkişafı və dirçəlişi istiqamətində gördüyü tədbirlər onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də uğurla davam etdirilir.

Qeyd edək ki, respublikamızda ekoloji problemlərin həll edilməsini daim diqqətdə saxlayan, xüsusilə yaşıllaşdırmaya böyük önəm verən Ulu Öndər Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı istiqamətləri ilə məşğul olan və fəaliyyətlərində bir-birini təkrarlayan Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi və “Azərmeşə” İstehsalat Birliyi ləğv edilib və bunların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Respublika Prezidentinin 2001-ci il 18 sentyabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”si təsdiq edilib. Əsasnaməyə görə Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətinin həyata keçirilməsi nazirliyə tapşırılıb.

Təbiətinin zənginliyinə görə dünyada aparıcı yerlərdən birini tutan Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın təmin olunması, su ehiyatlarının, meşələrin bərpası və qorunub mühafizə olunması, yeni meşələrin salınması ilə bağlı bir çox tədbirlərin həyata keçirilməsi davam edir.

Akif Məmmədov

7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin indiki rəisi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930