qanunedalet.com.az
http://qanunedalet.com.az

MM-nin komissiyasından Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı - Bəyanat

Bu gün, 18:43

mm-nin-komissiyasindan-fransanin-azerbaycana-qarsi-hibrid-tehdidleri-ile-bagli

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası (Komissiya) Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı bəyanat yayıb.

“Qafqazinfo” bəyanatı təqdim edir:

“Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası (Komissiya) öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər və empirik təhlillər nəticəsində müəyyən edib ki, Fransa Respublikasının Azərbaycan Respublikasına qarşı özündə hibrid təhdidlərin geniş spektrli komponentlərini ehtiva edən fəaliyyətləri hələ də davam edir.

Xüsusilə də 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra Fransa tərəfi diplomatik çərçivəni aşaraq, regiondakı beynəlxalq hüquqa zidd maraqlarını təmin etmək məqsədilə müxtəlif vasitələr, platformalar və alətlərlə ölkəmizə qarşı hibrid təhdidlər yaratmağa çalışır.

Azərbaycan ilə Ermənistan arasında hazırda müşahidə edilən kövrək sülh prosesinə zərbə vuran iddialar, beynəlxalq təsisatlarda səsləndirilən birtərəfli mövqelər, Fransa mediası və məhkəmə-hüquq sistemində davam edən tendensiyalar onu deməyə əsas verir ki, bu təhdidlər Azərbaycanın daxili işlərinə qarışmağa, xarici siyasət kursuna təsir etməyə, beynəlxalq arenadakı mövqeyini zəiflətməyə və regionda sabitliyi pozmağa hesablanıb.

Fransa dövlətinin və ona bağlı aktorların hibrid təhdidləri əsasən aşağıdakı istiqamətləri əhatə edir:

• “Lawfare”, yəni hüquqi vasitələrlə təzyiq etmək yolu ilə Fransa parlamentinin hər iki palatasının (Senat və Milli Assambleya) 2020-ci ilin noyabrından başlayaraq dəfələrlə Azərbaycanı hədəf alan, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün əleyhinə olan qətnamələr qəbul etməsi;

Diplomatik və siyasi təzyiq vasitəsi kimi istifadə edilən bu sənədlərin hüquqi qüvvəsi məhdud olsa da, onlar Fransanın təsir dairəsinin və erməni lobbisinin güclü olduğu digər ölkələrdə Azərbaycana qarşı oxşar yanaşmaların formalaşması məqsədilə qəbul edilir. Parlamentlərin bu cür birtərəfli və qərəzli sənədləri beynəlxalq arenada ölkəmiz barədə mənfi imic formalaşdırmağa, legitim mövqeyimizi zəiflətməyə, regionda sülhə və sabitliyə töhfə vermək əvəzinə, süni gərginlik yaratmağa xidmət edir.

• Beynəlxalq təşkilat və təsisatlarda, regional platformalarda Azərbaycan əleyhinə aktiv fəaliyyətin aparılması;

İkinci Qarabağ müharibəsindən sonra Fransanın bəzi dövlət rəsmiləri, diplomatları, parlamentariləri və ictimai xadimləri BMT və onun qurumları, Avropa İttifaqının (Aİ) institutları (xüsusən Avropa Parlamenti), Avropa Şurası, AŞPA, ATƏT, eləcə də Beynəlxalq Frankofoniya Təşkilatı kimi platformalardan istifadə edərək Azərbaycanın maraqlarına zidd qərar və sənədlərin qəbul edilməsinə cəhdlər göstərib. Bu addımlar ölkəmizin beynəlxalq hüquqa uyğun hərəkətlərinə baxmayaraq, onu təcrid etmək, nüfuzdan salmaq və müəyyən beynəlxalq əməkdaşlıq çərçivələrindən kənarlaşdırmaq məqsədilə edilib.

• Fransız mediasında Azərbaycana qarşı mənfi imicin formalaşdırılması;

Fransa mətbuatında Azərbaycanın genişmiqyaslı şəkildə mənfi imicinin yaradılması artıq davamlı xarakter daşıyır. Təkcə may və iyun ayları ərzində Fransa mediasında Azərbaycan əleyhinə 40-a yaxın məqalənin dərc olunması, onlarla telereportajın hazırlanması mənfi təbliğatın intensivliyini göstərir. Fransa mediası Azərbaycana qarşı qərəzli, təhriflərə əsaslan və dezinformasiya xarakteri daşıyan məlumatları yaymaqla hibrid təhdidlərin mühüm cəbhəsinə çevrilib.

• Fransa mediasında radikal müxalifətçilərə birtərəfli qaydada tribuna verilərək Azərbaycanın daxili işlərinə birbaşa qarışılması;

Fransa mediasında Azərbaycanın daxilində və xaricində siyasi çəkisi olmayan bəzi radikal müxalifət nümayəndələrinin yazılarına və müsahibələrinə geniş yer verilərək ölkəmizdəki real vəziyyətin təhrif olunmasına, Fransa ictimaiyyətini çaşdırmağa yönəlmiş çağırışlar edilməsinə şərait yaradılır. Media azadlığı adı altında radikalların Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətlərini stimullaşdırmağa hesablanmış bu addımlar daxili sabitliyi pozmaq, habelə sosial narazılıq və ölkədə qütbləşmə yaratmaq məqsədlərinə xidmət edən elementdir. Obyektiv jurnalistika prinsiplərinə zidd olaraq, materiallarda Azərbaycan dövlətinin rəsmi mövqeyinə və ya alternativ fikirlərə yer verilməməsi isə bir daha sübut edir ki, bu fəaliyyətlər həm də Fransa cəmiyyətində ölkəmizlə bağlı mənfi rəyin formalaşdırılması məqsədilə bilərəkdən aparılır.

• Fransada siyasi sığınacaq adı ilə məskunlaşan azərbaycanəsilli radikal şəxslərdən hibrid təhdid alətləri kimi istifadə olunması;

Bu kimi şəxslərə Fransanın rəsmi və qeyri-rəsmi dairələrinin davamlı dəstək verməsinin, onların “pozulan hüquqları”nın müxtəlif vasitələrlə, süni şəkildə və illərlə gündəmdə saxlanılmasının, demokratik dəyərlər pərdəsi altında siyasi motivli iddiaların önə çıxarılmasının yeganə məqsədi dövlətimizi beynəlxalq ictimaiyyət qarşısında "repressiv rejim" kimi təqdim etməyə və etibarsızlaşdırmağa yönəlib.

• Erməni lobbisinin koordinasiyası ilə anti-Azərbaycan fəaliyyətlərin aparılması;

Fransada güclü erməni lobbisinin təsiri altında olan bəzi dövlət rəsmiləri, parlamentarilər və yerli idarəetmə orqanlarının rəhbərlərinin (merlər) anti-Azərbaycan fəaliyyətləri müntəzəm xarakter daşıyır. Fransız siyasətçilər güclü siyasi və iqtisadi əlaqələrə malik erməni lobbisinin təsiri altında tez-tez ermənipərəst mövqelərdən çıxış edir, Aİ daxilində və beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə əlaqələndirilmiş formada fəaliyyət göstərirlər. Bu fəaliyyətlər Azərbaycanın beynəlxalq hüquqla tanınmış suverenliyini və ərazi bütövlüyünü pozmağa yönəlir, Fransa ilə ikitərəfli əlaqələrdə böyük gərginlik yaradır.

• Ermənipərəst qruplar, Fransanın maliyyələşdirdiyi beynəlxalq QHT-lər, “insan hüquqları” təşkilatları və “araşdırmaçı jurnalist” şəbəkələri tərəfindən kampaniyaların idarə olunması;

Hibrid təhdidlərin ən geniş yayılmış və təsirli elementlərindən biri də media və sosial media üzərindən aparılan informasiya kampaniyalarıdır. Fransa tərəfindən ya bilavasitə, ya da dolayı yolla dəstəklənən adıçəkilən qruplar onlayn platformalarda Azərbaycan əleyhinə müxtəlif mövzularda genişmiqyaslı kampaniyalar aparırlar. Bu kampaniyalar vasitəsilə saxta xəbərlər, təhrif olunmuş faktlar və təxribat xarakterli məlumatlar yayılır. Məqsəd ölkənin beynəlxalq imicinə xələl gətirmək və Azərbaycanın dövlət institutlarına qarşı inamsızlıq yaratmaqdır. Bu kampaniyalara bot şəbəkələri və saxta profillər də qoşularaq Azərbaycanla bağlı beynəlxalq ictimai rəyin manipulyasiya edilməsinə cəhd göstərilir.

• Fransanın Azərbaycanda casusluq fəaliyyəti;

Fransa özünün hibrid təhdid strategiyasının mühüm hissəsi kimi ölkələrimiz arasında münasibətləri sarsıtmağa yönəlmiş casusluq fəaliyyəti ilə də məşğul olub. Bu qeyri-qanuni fəaliyyət regiondakı proseslərə təsir etməyə, Azərbaycanın daxili siyasi vəziyyətini, iqtisadi inkişafını, hərbi potensialını və strateji maraqlarını öyrənməyə, eləcə də Azərbaycan və digər ölkə vətəndaşlarından ibarət agentura şəbəkələri qurmağa yönəlib. Qarşıya qoyulan məqsədlər sırasında ölkə daxilində dezinformasiya yaymaq, müəyyən qruplar arasında narazılıq yaratmaq və sabitliyi pozacaq digər əməliyyatlar həyata keçirmək olub.

• Ermənistana silah satışı və Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) dəstəklənməsi;

Fransanın Ermənistana fəal şəkildə silahlar ötürməsi və bölgədə əsasən kəşfiyyat fəaliyyəti ilə məşğul olan EUMA-nı birbaşa dəstəkləməklə onu şəxsi alətinə çevirməsi Cənubi Qafqazda hərbi balansı dəyişdirməyə, gərginliyi artırmağa və sülh prosesini əngəlləməyə yönəlmiş addımlar kimi qiymətləndirilir. Komissiyanın 2025-ci il aprelin 24-də təqdim etdiyi “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” başlıqlı xüsusi araşdırmasında məsələ ilə bağlı geniş məlumat verilib.

(https://meclis.gov.az/documents/EUMA_aprel_2025.pdf)

O da qeyd olunmalıdır ki, Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Fransanın hibrid təhdidlərinin təsirini heçə endirmək istiqamətində əks-tədbirlərini uğurla davam etdirir. Məhz bu tədbirlərin və Fransanın uğursuz həmlələrinin nəticəsidir ki, qarşı tərəf Azərbaycana qarşı hər dəfə yeni, dost olmayan hansısa əməllərə əl atır və müxtəlif platformalar vasitəsilə qondarma ittihamlar irəli sürdürür.

Qeyd edilənləri nəzərə alaraq, Komissiya Fransanın dövlət və hökumət rəsmilərinə deyil, Fransa xalqına birbaşa müraciət etməyi zəruri hesab edir.

Sadalanan faktlar da göstərir ki, bir sıra fransız siyasətçilər və dövlət strukturları cəmiyyətin siyasi idarəçiliyə olan inamsızlığını pərdələmək və diqqəti ölkə daxilindəki ağır sosial-iqtisadi çətinliklərdən yayındırmaq məqsədilə Azərbaycanın simasında “xarici düşmən” obrazı yaratmağa, erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr çərçivəsində dövlətimizə qarşı hüquqi-etik normalarla uzlaşmayan fəaliyyətlər həyata keçirməyə üstünlük verirlər.

Azərbaycan xalqı hər zaman Fransa xalqını özünə dost hesab edib və bundan sonra da edəcək. Dövlətimiz müstəqillik tarixi boyunca Fransa Respublikası ilə dostluğa, əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa hazır olduğunu hər zaman bəyan edib.

Fransa cəmiyyəti bilməlidir ki, öz hökumətinin bu cür qeyri-dost fəaliyyətləri, xarici siyasətdəki hərəkətləri Fransaya siyasi və iqtisadi dividentlər gətirmək yerinə, onun beynəlxalq imicini ləkələyərək daha da korlayır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930