Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri dəyişir
Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri dəyişir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Patent haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, aşağıdakıları özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilmir:
a) dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adları və tanınan hissələri;
b) beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adları, onların bayraqları, gerbləri, digər rəmz və nişanları, habelə həmin rəmz və nişanların adları və tanınan hissələri;
c) təltiflər, rəsmi nişanlar, nəzarət damğaları, rəsmi işarələr, möhürlər, fərqlənmə nişanları, onların adları və tanınan hissələri;
ç) istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun) razılığı olmadan həmin dövlətə məxsus olan mədəni (o cümlədən etnik və dini) irs obyektlərinin rəsmi adları, təsviri və ya onların tanınan hissələri.
Bu göstərilənlər istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun), beynəlxalq və hökumətlərarası təşkilatın səlahiyyətli orqanının razılığı olduğu təqdirdə, qorunmayan element kimi sənaye nümunəsinə daxil edilə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: