Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
Gürcüstanın Abxaziya bölgəsində Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb.
“Qafqazinfo” “Exo Kavkaza” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı qondarma qurumun “Dövlət Təhlükəsizlik Xidməti” yayıb.
Bildirilib ki, Qali rayonunda iki qrup xarici vətəndaşlar saxlanılıb və birinci qrupda iki Türkiyə vətəndaşı – 1997-ci il təvəllüdlü Selçuk Güren və 2001-ci il təvəllüdlü Doğan Bersan adlı şəxslər olub.
Məlumata görə, S.Güren daha əvvəl Türkiyə ərazisində törədilən sifarişli qətlə görə, D.Bersan isə qətl və narkotik maddələrin dövriyyəsində iştirak üzrə axtarışda olublar.
İkinci qrupda isə Azərbaycan vətəndaşları olan 1974-cü il təvəllüdlü Həsən Əzizov və 1990-cı il təvəllüdlü Namaz Təhməzli saxlanılıb. Onların mayın 26-da saxlanıldığı bildirilib.
Qeyd olunub ki, onlar Gürcüstanda cinayət məsuliyyətindən yayınmaq üçün Abxaziya ərazisində gizlənməyə cəhd ediblər.
Bununla belə, saxlanılan Türkiyə vətəndaşlarının hara və nə məqsədlə yollandıqları açıqlanmayıb.
Saxlanılan şəxslərlə bağlı “cinayət işi” başladılıb.