Hafiz Kərimov – Təhsil işçilərinin hüquqlarının qorunmasına həsr olunan şərəfli fəaliyyət yolu
Azərbaycan təhsilinin inkişafında müəllimlərin və təhsil işçilərinin sosial rifahının qorunması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə uzun illər səmərəli fəaliyyət göstərən ziyalılardan biri də Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimovdır. O, peşəkar fəaliyyəti, insanlara diqqət və qayğı ilə yanaşması, müəllimlərin hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlərlə İsmayıllı rayonunda böyük hörmət qazanmış nüfuzlu ictimai xadimlərdən biridir.Hafiz Kərimov illərdir ki, təhsil sahəsində çalışan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həlli və həmkarlar ittifaqı fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində yorulmadan çalışır. Onun rəhbərliyi dövründə İsmayıllıda təhsil işçiləri ilə bağlı müxtəlif sosial layihələr, maarifləndirici tədbirlər və həmrəylik təşəbbüsləri həyata keçirilib.
1958-ci ildə anadan olan Hafiz Kərimov Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirərək əmək fəaliyyətinə müəllim kimi başlayıb. O, ilk illərdən təhsilə və gənc nəslin formalaşmasına xüsusi həssaslıqla yanaşıb. Sonralar ictimai fəaliyyətə qoşularaq həmkarlar ittifaqı sistemində mühüm vəzifələrdə çalışıb və 1986-cı ildən etibarən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinə rəhbərlik edir.
Uzunmüddətli fəaliyyəti dövründə Hafiz Kərimov təhsil işçilərinin əmək hüquqlarının qorunması, onların sosial təminatının yaxşılaşdırılması, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Xüsusilə şəhid ailələrindən olan müəllimlərə, qazilərə və gənc təhsil işçilərinə göstərilən diqqət onun fəaliyyətində əsas prioritetlərdən biri kimi qiymətləndirilir.
Hafiz müəllim həm də kollektivdə yüksək idarəçilik bacarığı, insanlarla səmimi münasibəti və prinsipial mövqeyi ilə seçilir. Onun fəaliyyəti təkcə həmkarlar ittifaqı sahəsində deyil, ümumilikdə rayonun ictimai həyatında da nümunə kimi qiymətləndirilir. Müxtəlif tədbirlərin, intellektual yarışların və maarifləndirici layihələrin təşkilində fəal iştirak etməsi təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.
Əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilib. Hafiz Kərimov müxtəlif illərdə “Tərəqqi” medalı, “Qabaqcıl təhsil işçisi” döş nişanı və digər fəxri təltiflərə layiq görülüb. 2024-cü ildə isə “Heydər Əliyevin 100 illik yubiley medalı” ilə təltif olunması onun çoxillik xidmətinə verilən yüksək dəyərin göstəricisidir.
Bu gün də Hafiz Kərimov öz fəaliyyəti ilə təhsil işçilərinin yanında olmağa, onların hüquq və mənafelərini qorumağa davam edir. Onun zəngin təcrübəsi, insanlara qayğıkeş münasibəti və vətənpərvər fəaliyyəti gənc nəslə örnək olmaqla yanaşı, həmkarlar ittifaqı sistemində uğurlu idarəçiliyin nümunəsi hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: