Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkim Şahlar Hüseynov vəzifəsini layiqincə yerinə yetirir.
Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır.
Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Ardıcıl surətdə həyata keçirilən profilaktik tədbirlər sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındı.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.
Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.
Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Son 10 il ərzində ölüm göstəricisi azalmış, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlmişdir. Bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir.
Bunlarla bərabər, əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olmasının, həmçinin dərman preparatlarının keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların vahid qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər görüləcəkdir. Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılacaqdır.
Kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görüləcək və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdiriləcəkdir.
Bunlar dövlətimizin başçısı tərəfindən əhalinin sağlamlığının daha etibarlı qorunması naminə müəyyən etdiyi vəzifələrdir. Şübhə yoxdur ki, Azərbaycanın dinamik iqtisadi inkişafı səhiyyə işçilərinə bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan yaradacaqdır.
Sakinlər arasında keçirilən sorğu nəticəsində əhalinin, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkim Şahlar Hüseynov haqqındakı fikirləri bir mənalı olaraq müsbətdir. Onlar bu Xəstəxanada hər bir işin öz qaydasında olduğunu bildirdilər. Xəstəxanada xəstələrə çox yaxşı münasibət göstərirlər və deyilənlərin yalan, böhtan olduqlarını qeyd etdilər. Və dedilər ki, kiminsə ağlında əlavə sual varsa gəlsinlər burdakı hər bir şəraiti, işçilərə və xəstələrlə davranışları görsünlər sonra yazsınlar.