Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Gürcüstanın İmereti bölgəsinin Bağdati bələdiyyəsinin Nergeeti kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Bu barədə məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.
Xilasedicilər dünən axşam və bu gecə daha iki nəfərin cəsədini torpaq altından çıxarıblar. Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 8 nəfərə yüksəlib. Daha bir nəfərin axtarışları davam etdirilir.
Axtarış-xilasetmə işlərinin aparıldığı ərazidə torpaq kütləsinin hündürlüyünün 30 metr olduğu bildirilir.
Qeyd edək ki, fevralın 7-də gecə saatlarında Bağdati bələdiyyəsinin Negreeti kəndində torpaq sürüşməsi baş verib. Nəticədə bir neçə ev torpaq altında qalıb.