Münasib Qurbano : Güclü şəxsiyyət, Qüdrətli lider .
“Teymuroğlu” MTK-nın rəhbəri Münasib Qurbanov -20 il əvvəl, 2003-cü il oktyabrın 15-də xalqın etimadını qazanaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağı vədini verən İlham Əliyev qısa zaman kəsiyində bunu nəinki Azərbaycana, bütün dünyaya sübut etdi. Bunu biz deyil, dünyanın aparıcı dövlətləri, siyasətçiləri, nüfuzlu media orqanları da təsdiqləyir.
20 ilin nəticələri göz önündədir. Bu gün Azərbaycan keçmiş sovet məkanında ən qüdrətli dövlətlər sırasında yer alıb və tarixinin ən güclü dövrünü yaşayır. Azərbaycan xalqı 20 il öncə İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs vermişdi və ötən illər də göstərdi ki, onlar seçimlərində yanılmayıblar. İlham Əliyevin Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Ölkəmizin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib və ən əsası Azərbaycanın 30 il əvvəl pozulan ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Müzəffər Ali Baş komandan, cənab Prezident! Siz dünya miqyasında öz xüsusi çəkisi, yeri olan, xalqını dünyaya tanıdan, özü də yeni bir tarix yazan liderlərdən, sərkərdələrdənsiniz. Xalq, millət, dövlət özünün layiq olduğu rəhbəri ilə, lideri ilə tanınır. Allah belə bir xoşbəxtliyi Sizin simanızda Azərbaycan xalqına bəxş edib.
Siz Azərbaycan tarixinə qalib dövlət başçısı kimi düşdünüz. İşğalda olan torpaqlarımızı azad edib, düşmənləri bu ərazidən çıxarıb, həmin ərazilərdə suverenliyimizi bərpa etdiniz. Bu, günümüzün reallığı, qazandığımız hərbi zəfərimizdir.
2020-ci ilin sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin münaqişə zonasında təmas xəttini pozaraq mövqelərimizə etdikləri hücuma cavab olaraq müzəffər, nizamlı Azərbaycan Ordusu əks hücuma keçərək düşmənə ağır zərbələr endirərək, onları böyük insan, ərazi, hərbi sursat və texnika itkisinə məruz qoydular. Hərbi sənayemizin inkişafına böyük diqqət yetirərək Milli Ordumuzu dünya standartlarına cavab verən müasir hərbi texnika ilə təmin etməyiniz, əlbəttə ki, düşmənə endirilən sarsıdıcı zərbələrdə öz sözünü dedi. Dəmir intizamlı, nizamlı ordu qətiyyətli iradəniz və düşünülmüş əmrlərinizlə uğurlu hərbi əməliyyatlar aparmağa zəmin yaratdı. Arxa cəbhədə, cəmiyyətdə, xalqın, bütün siyasi partiyaların, müxalifətin birliyinə nail olaraq, onların respublika Prezidenti-Ali Baş Komandan ətrafında sıx birləşməsi, yəni Xalq-Dövlət-Ordu birliyi zəfərə, qələbəyə aparan yolda mayak rolunu oynadı. Noyabrın 8-də Şuşanın işğaldan azad olunması bütün nisgillərə, kədərə, həsrətə, ümidsizliyə, bədbinliyə, intizar və yaşlı gözlərə son qoydu, bizim qələbəni elan etməyimizə, düşmənin kapitulyasiyasına nail olmağımıza həlledici təsir göstərdi. Ermənistan Respublikasının tam kapitulyasiyası Azərbaycan Respublikasının, Azərbaycan xalqının gözlənilən tarixi qələbəsi oldu.
2023-cü ilin sentyabr ayında Müzəffər Ali Baş Komandan anti-terror tədbirlərindən sonra qədim tarixi torpağımız olan Xankəndidə üçrəngli bayrağımızı ucaltdı.
Qətiyyətlə söyləyə bilərəm ki, bu şanlı tarixin yazılmasının əsas memarı-Ali Baş Komandan, qalib sərkərdə Sizsiniz, cənab Prezident. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycan qarşısında yeni üfüqlər açdı. Ölkə dinc quruculuq dövrünə qədəm qoydu.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Bizə qələbənin, zəfərin sevincini yaşatdığınız, xalqımıza birlik bəxş etdiyiniz üçün cənab Prezident Sizə dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Sözsüz ki, xalq özünün Sizin kimi qəhrəman, xilaskar, sərkərdə oğlu ilə fəxr edir, qürur hissi keçirir. Bu gün biz qürurla, başı dik, alnı açıq gəzirik. Bu xoşbəxtliyi isə bizə cənab Prezident, Siz bəxş etdiniz. Müdrikliyiniz, uzaqgörənliyiniz, qətiyyətiniz sayəsində Azərbaycan xalqı qalib xalq kimi dünya birliyində Günəş kimi doğdu.
Eşq olsun, Azərbaycan Respublikasının Prezidenti-Ali Baş Komandan cənab İlham Əliyevə!
Biz həmişə olduğu kimi bu gün də, sabah da, gələcəkdə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının ətrafında sıx birləşmişik və onun siyasi fəaliyyətini dəstəkləyirik.
Yaşasın Ali Baş Komandan!
Yaşasın Rəşadətli Ordumuz!
Yaşasın Azərbaycan xalqı!