Azərbaycanda yeni dövlət elektron poçt sistemi işə salınacaq
Gələn ay Azərbaycanda yeni dövlət elektron poçt sistemi işə salınacaq.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısında deyib.
"Domino" sisteminə əsaslanan yeni poçt sistemi bir çox əlavə xidmət göstərməyə imkan verəcək. İlk Azərbaycandilli interfeys əlçatan olacaq. Dövlət qurumlarının yekun istifadəçilərinin müdafiəsi üçün mərkəzləşdirilmiş XDR həlli təqdim olunacaq, bu ildən isə kütləvi SMS xidməti aktivləşdiriləcək", - o deyib.
Onun sözlərinə görə, 2023-cü ildə XRİTDX tərəfindən dövlət müəssisələri üçün yaradılmış dövlət elektron poçtuna 27 milyondan çox məktub daxil olub.
"24,8 milyon məktub istifadəçilərə çatdırılıb, 2,28 milyon isə zərərli məzmun səbəbindən blok edilib. Demək olar ki, hər 10 məktubdan birində fişinq və zərərli məzmun var idi. Hazırda dövlət idarələrinin 30 min əməkdaşı mühafizə olunan elektron poçtdan istifadə edir", - o deyib.
Qeyd edək ki, fevralın 2-də Bakıda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı keçirilib. Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.