Füzulinin bu kəndində 1 700 insan yaşayacaq
Prezident İlham Əliyevin oktyabrın 16-da təməlini qoyduğu Füzuli rayonunun Cuvarlı kəndinə 1 697 nəfərin köçürülməsi planlaşdırılır.
Bunu şəhərə təşkil olunmuş mediaturda Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bildirib.
O qeyd edib ki, kəndin layihələndirilən ümumi ərazisi 115 hektardır. Burada ümumilikdə 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək. Kəndin inşasının birinci mərhələsi üçün 28,1 hektar torpaq sahəsi ayrılıb və 129 fərdi ev tikiləcək. Bu mərhələdə kəndə 129 ailənin - 508 nəfərin köçürülməsi planlaşdırılır.
Kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, çörək sexinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 312 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, qonaq evinin tikilməsi planlaşdırılıb.
"Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin inşası nəzərdə tutulub", - deyə E.Seyidov əlavə edib.