Amazon çayında son 20 ilin ən pis quraqlığı müşahidə edilib
Amazon çayında son 20 ilin ən pis quraqlığı müşahidə edilib.
“Report” xəbər verir ki, bu barədə “O Globo” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, quraqlıq səbəbindən Amazonun beş böyük qolunda suyun səviyyəsi hər gün 20 sm azalır. Bu, keçən illə müqayisədə iki dəfə sürətli, lakin əvvəlki 2005 və 2010-cu illə müqayisədə daha yavaşdır.
Meteoroloqlar bildiriblər ki, Braziliyanın şimalında yağıntının miqdarı orta səviyyədən aşağıdır.
Nəticə etibarı ilə federal hakimiyyət orqanları yerli çay nəqliyyatının təqribən 40%-nin risk altında olduğunu və ya çayın dayazlaşmasının nəticələrini artıq yaşadığını təxmin edir.
Amazonas ştatının 62 bələdiyyəsindən 59-da quraqlıq hökm sürür, 15-də isə fövqəladə vəziyyət elan edilib. Regionun qubernatoru Uilson Limanın müraciətinə cavab olaraq federal mərkəz ora humanitar yardım göndərilməsi barədə göstəriş verib. Bununla paralel olaraq hakimiyyət təbii yanğınlara və meşələrin qəsdən yandırılmasına qarşı mübarizəni gücləndirmək niyyətindədir.