İsrail ordusu İordan çayının qərb sahilində terrorçuluqda şübhəli bilinən 37 nəfəri saxlayıb
İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilində Tulkarm şəhərində fələstinli qaçqınların düşərgəsində antiterror əməliyyatı keçirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 45 saatdan çox davam edən irimiqyaslı əməliyyatda terror fəaliyyətində şübhəli bilinən 37 nəfər saxlanılıb.
"45 saat sonra Tulkarm düşərgəsindəki irimiqyaslı antiterror əməliyyatı başa çatıb. Təhlükəsizlik qüvvələri minə yaxın binada axtarış keçirib və yüzlərlə şübhəlini dindirib, bunların arasından axtarışda olan 37 nəfər saxlanılıb", - məlumatda deyilir.
Həmçinin, əməliyyatlar zamanı İsrail hərbçilərinin 400-dən yuxarı partlayıcı qurğunu aşkarlayaraq, zərərsizləşdirdiyi, 27 ədəd silahı və çox sayda hərbi texnikanı müsadirə etdiyi, partlayıcı qurğular istehsal edən 5 laboratoriyanı və müşahidə məntəqəsini məhv etdiyi deyilir.