Prokuror Oleq Bakinskiyə həbs cəzası tələb etdi
Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi çıxış edib.
Prokuror deyib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.
Bu əsasla müttəhimlərin hər ikisinə sanksiya həddində cəza təyin edilməlidir. Konkret olaraq Oleq Bakinskinin (Krapivin) xuliqanlıq maddəsi ilə 3 il, Kuçer Konstantin Antonoviçin isə xuliqanlıqla yanaşı, xüsusilə külli miqdarda dələduzluq əməllərinə görə 14 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Tələbə əsasən, bir neçə gün əvvəl ev dustaqlığına buraxılmış Bakinski yenidən həbs olunmalıdır. Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilib. İttihama görə, təqsirləndirilən şəxslər Bakıdakı ofislərdən birində Zaxarenkov Valeriy Nikolayeviçə xəsarət yetiriblər. Kuçer Konstantin həmçinin “Avıazapçast” ASC və “Promyshlenye Postavkı Kazakhstan” MMC-yə qarşı dələduzluq əməllərində ittiham olunur.