qanunedalet.com.az
http://qanunedalet.com.az

Direktorla dalaşandan sonra işdən çıxarılmışdı - İndi də 1000 manat cərimələndi

Dünən, 18:41

direktorla-dalasandan-sonra-isden-cixarilmisdi

Naxçıvan Şəhər Məhkəməsində şəhərin 1 saylı orta məktəbinin keçmiş müəllimi 1985-ci il təvəllüdlü Səriyyə Qənbərova barəsindəki xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.
Məktəbin direktoru Asudə Məmmədova müəllimin Cinayət Məcəlləsinin 147.2-ci “Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzalandırılmasını tələb edib.

O bildirib ki, müəllim kütləvi çıxışlarda, sosial şəbəkələrdə ona qarşı şər və böhtan xarakterli ifadələr işlədib, “dövlət büdcəsini mənimsəyib”, “röşvətxodur” ifadələrini deyib, guya hazırlıq kursunda hansısa müəllimlə əlbəyaxa savaşdığını, pilləkənlardan yıxıldığını bildirib: “Səriyyə Qənbərova xarici dövlətin sosial şəbəkə seqmentində antiAzərbaycan mövqedə çıxış edən, özünü hüquqşünas kimi təqdim edən Qurban Məmmədovun proqramında barəmdə xoşagəlməz ifadələr və şər böhtan danışıb. Qurban Məmmədov məni haradan tanıyıb? Tərcümeyi halımı necə bilib? Guya mən Beyləqan rayonundan Naxçıvan şəhərinə kiminsə hesabına gəlmişəm, şəxsi şəkillərim sosial şəbəkədə göstərilib, adıma qeyri-etik olan “erməni”, “model” deyib, kiminsə pulu və maddi dəstəyi ilə bu vəzifədə oturduğumu bildirib, qadınlığımı, qürurumu alçaldan ifadələr işlədib. Bunların hamısını Qurban Məmmədov deyib, səbəbkarı da Səriyyə Qənbərovadır. Bu hadisələrdən sonra psixoloji problem yaşamışam və müalicə almışam”.

S.Qənbərova isə əməlində cinayət tərkibinin olmadığını bildirərək icraata xitam verilməsini istəyib.

Məhkəmənin hökmü ilə S.Qənbərova Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinib və ona 1000 manat cərimə cəzası verilib.

Qeyd edək ki, bir neçə ay əvvəl məktəbdə direktorla müəllim arasındakı qarşıdurmaya aid görüntülər sosial şəbəkələrdə də yayılmışdı. Naxçıvan MR Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq görüntülərin araşdırıldığını və S.Qənbərovanın iddialarının təsdiqini tapmadığını bildirmişdi: “Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərovanın məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin edildiyi məlum olub. Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başlandıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə  pozub.

Əmək qanunvericiliyinin və “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini  pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə Qənbərova ilə bağlanan əmək müqaviləsinə xitam verilib”.

Nazirlikdən, həmçinin bildirilib ki, məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930